"Azərbaycanda orqanik məhsul istehsalı var və bu məhsullar əsasən Avropa İttifaqı və ABŞ-a ixrac olunur".
Bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) "Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı və institusional bacarıqlarının artırılması" layihəsinin yekun seminarında FAO nümayəndəsi Uyğun Aksoy çıxışı zamanı bildirib.
U.Aksoyun sözlırinə görə, 2016-cı ilin statistikasına nəzər salınsa, Azərbaycanda 37 min hektar ərazi orqanik kimi sertifikatlaşdırılıb.
"Azərbaycanda 305 orqanik məhsul istehsalçısı var. Düzdür, bizdə ixracatçı rəqəmləri yoxdur. Amma biz bilirik ki, Azərbaycanın orqanik məhsulları xarici bazarlarda çox geniş yayılıb. Orqanik bal, quru meyvələr və meyvə-tərəvəzçilik geniş yayılıb. Bundan başqa, tibbi-aromatik bitkilərin toplanması, meşə meyvələrinin yığılması kimi sahələr Azərbaycanda mövcuddur. Azərbaycanda olan iqlim qurşaqları bir çox subtropik məhsulların istehsalına imkan yaradır",- deyə U.Akspy vurğulayıb.
FAO nümayəndəsi onu da əlavə edib ki, Azərbaycan istehsalçıları öz məhsullarının tanıdılması istiqamətində işlər görməlidir: "Azərbaycanda hər hansı bir şəxslə danışarkən onlar öz pomidorlarını, narını tərifləyəcəklər, amma bunları başqa insanlara da təqdim etməlisiniz ki, hamının bundan xəbəri olsun və bu, ixrac bazarının inkişafına səbəb olsun".