Hazırda ölkə üzrə 119 500 hektarda innovativ suvarma sistemləri tətbiq edilir, bu ümumi suvarılan ərazilərin 8,05 %-ni təşkil edir.
Nazir müavini: "Son 5 ildə suvarma sistemlərinin qurulmasına 93 milyon manat subsidiya ayrılıb"
FED.az xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova “Su İdarəetmə Sistemlərinin iqlimə Dayanıqlı Kənd Təsərrüfatında Rolu: COP29 Dəyirmi Masa Müzakirələri” mövzusunda tədbirdə deyib.
Onun sözlərinə görə, kənd təsərrüfatına yararlı torpaqların 1,5 milyon hektar hissəsi suvarılan torpaqlardır ki, bunun 77,5 %-i əkin, 8,6 %-i çoxillik əkmələr, 13,9 %-i isə digər sahələr (biçənək, örüş, həyətyanı və s.) təşkil edir.
Nazir müavini bildirib ki, son illərdə azalan su ehtiyatları, quraqlıq, daşqınlar, torpağın deqradasiyası və digər ekstremal hava hadisələri dünya üzrə fermerlərə böyük çətinliklər yaradır: “Əksər hallarda bu təsirlər kiçik fermer təsərrüfatlarına və kənd icmalarına daha çox təsir edir. Çünki onlar təbii resursların azalması və iqlim şəraitinin dəyişməsinə qarşı daha həssasdırlar. Azərbaycanda kənd təsərrüfatı sektoru iqtisadiyyatımızın və cəmiyyətimizin mühüm bir hissəsidir. Bizim məhsullarımız həm yerli, həm də beynəlxalq bazarlarda yüksək qiymətləndirilir. Lakin, iqlim dəyişikliklərinin təsirlərinə məruz qalma riski ilə üzləşdiyimizdən, biz kənd təsərrüfatımızı daha dayanıqlı etmək üçün tədbirlər görməliyik. Bu kontekstdə, su idarəetmə sistemləri mühüm rol oynayır". (Report)