2021-ci ilin yanvar-may aylarında Azərbaycanda 2 milyard 245,5 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 2,9% çoxdur.
Eləcə də bax: Azərbaycan və Türkiyə aqrar sığorta sahəsində - Əməkdaşlığı Genişləndirir
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə 1 milyard 769,8 milyon manat məbləğində heyvandarlıq, 475,7 milyon manat məbləğində bitkiçilik məhsulları istehsal edilib. Heyvandarlıq məhsullarının istehsal həcmi 2,3%, bitkiçilik məhsullarının istehsal həcmi 5,2% artıb.
5 ay ərzində respublikada 213,7 min ton ət (artım 3%), 874,7 min ton süd (artım 1,8%), 800,8 milyon ədəd yumurta (azalma 4,2%), 12,2 min ton yun (artım 0,1%), 11,4 ton barama (azalma 37,7%) istehsal edilib.
Yanvar-may aylarında respublikada 317,6 min ton tərəvəz yığılıb ki, bu da bir il əvvələ olan göstəricidən 10,5% çoxdur. Hesabat dövründə 183,2 min ton kartof (artım 6,6%), 63,7 min ton dənlilər (artım 11,5%), 22,6 min ton meyvə və giləmeyvə (artım 9,3%), 485,2 ton yaşıl çay yarpağı (artım 23,8%) yığılıb.
Hazırda ölkədə yaz-tarla işləri davam edir və hesabat dövründə 387,5 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,3% çoxdur.
2020-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 2% artıb. (İnterfaks)