Azərbaycanda dövlət dəstəyi ilə uğurla tətbiq olunan aqrar sığorta mexanizmindən faydalanan fermer və təsərrüfatların sayı sürətlə artmaqdadır.
Meyvə bağları üzrə aqrar sığorta ödənişləri - 1 MİLYON MANATA ÇATIB
Aqrar Sığorta Fondundan FED.az-a bildirilib ki, 2025-ci ilin noyabr ayında Fond tərəfindən ölkədə ilk dəfə olaraq meyvə bağlarında doludan keyfiyyət itkisi üzrə sığorta ödənişi həyata keçirilib.
Tərtər rayonunun Kəbirli kəndində yerləşən “Aqropat” MMC şirkətinə məxsus meyvə bağları 2025-ci ilin may ayında dolu yağması nəticəsində ciddi təsirə məruz qalıb. Dolu nəticəsində təsərrüfatda həm miqdar, həm də keyfiyyət itkisi baş verib.
Qeyd olunub ki, dolu nəticəsində yaranan keyfiyyət itkisi riski Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2020-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Aqrar sığorta Qaydaları”nda nəzərdə tutulur.
Dolu nəticəsində məhsullarda yaranan keyfiyyət itkisi – dolunun vurduğu zədələr nəticəsində meyvənin qabıqlarının çapılması, qaralması, onun əmtəə görünüşünün korlanması, nəticədə faktiki olaraq satış imkanlarının və dəyərinin aşağı düşməsi deməkdir.
Tərtər rayonunun Kəbirli kəndində yerləşən meyvə bağında dolu hadisəsi barədə müraciət daxil olduqdan dərhal sonra Aqrar Sığorta Fondu tərəfindən əraziyə müstəqil aqrar sığorta ekspertləri yönəldilib. Ekspertlər dəfələrlə ərazidə olaraq baş vermiş hadisəni araşdırıb, bağa dəymiş zərərin xarakterini və həcmini müəyyən ediblər.
Nəticədə meyvə bağına dolu nəticəsində miqdar itkisi ilə yanaşı, keyfiyyət itkisinin də baş verdiyi müəyyən edilib. Aqrar Sığorta Fondu tərəfindən aparılan hesablamalar əsasında təsərrüfata ümumilikdə 321 min 602 manat aqrar sığorta ödənişi təyin edilib. Bu, indiyədək Aqrar Sığorta Fondu tərəfindən meyvə bağlarına ödənilən ən böyük sığorta ödənişi olmaqla yanaşı, ümumiyyətlə doludan keyfiyyət itkisi üzrə ilk ödənişdir. Ödəniş alan təsərrüfat nümayəndələri aqrar sığorta sisteminin işindən olduqca razı qalıb və bütün fermerləri təsərrüfatlarını sığortalamağa çağırıblar.
“Aqropat” MMC-nin baş aqronomu Asif Zeynalov bildirib: “Təsərrüfatımızın yerləşdiyi ərazinin iqlimi mürəkkəbdir. Sığortalanma ilə bağlı Aqrar Sığorta Fonduna müraciətimizin əsas məqsədi bağın şaxta və doludan qorunması idi. Nəticədə dolu yağsa da, aqrar sığorta təsərrüfatımızın zərərini qarşıladı. Biz bütün fermerləri aqrar sığortadan faydalanmağa, əkin sahələri və meyvə bağlarını sığortalamağa çağırırıq”.
Keyfiyyət itkisi zərəri, xüsusilə məhsulunu xarici ölkələrə ixrac edən təsərrüfatlar üçün çox vacibdir. İxrac edilən məhsulların xarici görünüşü böyük əhəmiyyət daşıyır. Meyvənin görünüşünün korlanması, onun dəyərinin aşağı düşməsi ilə yanaşı, hətta ixracına da mane olur.
Ümumilikdə Aqrar Sığorta Fondu tərəfindən meyvə bağlarına 1,5 milyon manat sığorta ödənişi həyata keçirilib. Bu ödənişlərin məbləği sürətlə artmaqdadır və qarşıdakı dövrdə planlaşdırılan ödənişləri nəzərə aldıqda ilin sonunadək 2 milyon manatı keçəcək.
Aqrar Sığorta Fondu ümumilikdə 41 növ bitki və bitki məhsullarını sığorta edir. Təqribən 20 bitki meyvə bağlarına aiddir.
Fond meyvə bağlarını çoxsaylı risklərdən - dolu, qasırğa, fırtına, sel və subasma, leysan, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri, yanğın, dolu yağması nəticəsində keyfiyyət itkisi kimi risklərdən sığorta edir. Eləcə də aqrar sığorta meyvə bağlarını bitki xəstəlikləri, zərərvericilər və xüsusi təhlükəli ziyanvericilərin yayılması, habelə zəlzələ, torpaq sürüşməsi, ildırım nəticəsində yarana bilən risklərdən qoruyur.
Dövlət tərəfindən təqdim olunan 50 faizlik sığorta haqqı güzəşti nəticəsində fermerlər sığorta haqqının yalnız yarısını ödəyirlər, qalan hissəni fermerlərə dəstək üçün dövlət özü ödəyir.
Aqrar Sığorta Fondu fermerlərə xatırladır ki, hazırda meyvə bağlarının sığortalanması mövsümü başlayıb. Fermer və meyvə bağı sahibləri dövlət aqrar sığortası vasitəsilə öz təsərrüfatlarını çoxsaylı risklərdən sığorta edə bilərlər.
Meyvə bağlarının sığortalanması üçün sığorta haqlarını fermerlər özləri də müstəqil şəkildə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindəki “Bitkiçilik kalkulyatoru” vasitəsilə hesablaya bilərlər (https://asf.gov.az/bitkicilik-kalkulyatoru).
Aqrar sığortanın əhatə etdiyi məhsulların sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində ətraflı tanış olmaq mümkündür.

















