Pandemiya şəraiti bir çox sahələr kimi, gülçülük sektoruna da ciddi təsir edib.
FED.az xəbər verir ki, bunu sahibkar, "Zirə Gülçülük" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Ziyad Əliyev deyib.
O bildirib ki, pandemiya cəmiyyətin işini ləngidib: "Məhsuldarlıq normal səviyyədə olsa da, gül satışı xeyli azalıb. Pandemiya şəraiti satışa təxminən 50 faiz təsir edib. Ötən illə müqayisədə müəssisədə satış 50 fazi azalıb. İşlər də zəifləyib".
FED.az xəbər verir ki, satıcılar bildiriblər ki, sentyabrın 9-dan etibarən gül buketləri ilə bağlı çoxlu sayda sifarişlər qəbul etsələr də, sonradan həmin sifarişlər geri qaytarılıb: "Sifarişlər götürmüşdük, biz də buna görə dükanlara yeni güllər almışdıq. Sonradan valideynlər bildirdilər ki, "Bilik Günü"nün keçirilməsi qadağan edilib, ona görə də sifarişləri geri qaytardılar. Nəticədə aldığımız gülləri sata bilmədik".
Xatırladaq ki, mart ayından etibarən ölkədə koronavirusun yayılmasının qarşısını almaq üçün sərt karantin rejimi tətbiq edilib. Sərtləşdirilmiş karantinlə əlaqədar ölkədə, xüsusən də Bakı, Sumqayıt və Abşeronda bəzi ticarət və xidmət obyektləri ilə yanaşı, gül dükanlarının da fəaliyyəti qadağan edilib. Nəticədə gülçülüklə məşğul olan müəssisələrə sifarişlər azalıb. Eyni zamanda, karantin dövrü ərzində vətəndaşların kütləvi toplaşması da qadağan edildiyindən bir çox mərasimlər, bayramlar və digər əlamətdar günlərin qeyd edilməsinə icazə verilmədi. Sentyabrın 15-də ölkə ərazisində "Bilik Günü"nün keçirilməsinə də qadağa qoyulduğundan gül satışı ilə məşğul olan obyektlər zərərlə işləyib. (Trend)