Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Elektron Kənd Təsərrüfatı sistemində ərzaq ehtiyatlarının operativ monitorinqləri aparmaq üçün yeni informasiya sistemi yaradılıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu nazirliyin Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə deyib.
Onun sözlərinə görə, bunun əsasında yaxın vaxtlarda artıq həm soyuducu anbarlarda, həm də taxıl elevatorlarındakı ehtiyatlarla bağlı olan məlumatları hər ay operativ şəkildə əldə etmək mümkün olacaq.
"Bununla bağlı müvafiq qanunvericilik bazası mövcuddur və artıq Elektron Kənd Təsərrüfatı sistemində müvafiq proqram təminatı da yarılıb. Bunun əsasında yaxın vaxtlarda artıq həm soyuducu anbarlarda, həm də taxıl elevatorlarındakı ehtiyatlarla bağlı mütəmadi olaraq aylıq elektron informasiya sistemi qurulacaq ki, bu da ehtiyatları hər ay operativ şəkildə izləməyə imkan yaradacaq", - deyə F. Fikrətzadə qeyd edib.