Azərbaycanda səmərəsiz istifadə olunan torpaq sahələri geri alınaraq başqalarına istifadəyə verilir.
Dövlət Əmlak Xidmətindən FED.az-a verilən məlumata görə, yerli icra hakimiyyətlərinin məlumatına əsasən, 2016-2021-ci illər ərzində 43 rayon (şəhər) üzrə 1 337 hüquqi və fiziki şəxs tərəfindən səmərəsiz istifadə olunan 254 135 hektara yaxın kənd təsərrüfatı təyinatlı torpaq geri qaytarılaraq təkrar istifadəyə verilib.
«Bununla da torpaq sahələrinin daha səmərəli şəkildə istifadəçiliyi üçün zəmin yaradılıb»-deyə xidmətdən bildirilib.
Paralel olaraq torpaqların təyinatı da dəyimşdirilir. 2021-ci il ərzində 29 müraciət üzrə ümumilikdə 5 346 hektar torpaq sahəsinin kateqoriyası Nazirlər Kabinetinin sərəncamları ilə dəyişdirilib.
Ümumilikdə isə, səmərəsiz istifadə olunan 252 487 hektara yaxın örüş-otlaq sahəsinin təyinatı Nazirlər Kabinetinin müvafiq qərarları ilə dəyişdirilib. Həmin ərazilərin 239 568 hektarı 51 aqroparkın, 24 iri təsərrüfatın və 38 digər hüquqi və fiziki şəxslərin icarəsinə verilib.
DƏX bildirir ki, təyinatı dəyişdirilən torpaqlarda aqroparkların yaradılması ərzaq təhlükəsizliyinın möhkəmləndirilməsi baxımından önəmli tədbirlərdəndir. Təyinatı dəyişdirilən torpaq sahələrinin gəlirlilik potensialı da artırılır.