Azərbaycanda dövlət xətti ilə aqrar sığorta 14 bitki, heyvan və akvakulturanın sığortalanması ilə başlayıb. İlk növbədə buğda, arpa, şəkər çuğunduru, kartof, tütün, çay- əkin sahələrinin 84 %-ni əhatə edən və strateji baxımdan öndə olan məhsullar sığortalanır.
FED.az əbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov bildirib.
Onun sözlərinə görə, tədricən sığortalanan aqrar məhsuların sayı artırılacaq.
“Əsas məqsədimiz fermerlərin bu sahədə uzun müddət fəaliyyət göstərmələri üçün şərait yaratmaqdır. Kənd təsərrüfatı istehsalçıları hər il fərqli nəticələrlə üzləşirlər. Məsələn, bu il məhsuldar nəticə əldə edilirsə, növbəti il təbii fəlakətlərlə bağlı məhsuldarlıq azalır. Məqsədimiz fermerləri təbii fəlakətlərdən, yanğından, bitki üçün zərərvericilərdən qorumaqdır. İdxalın əvəz edilməsi, ixrac potensialının gücləndirilməsi, qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində uyğun gələn məhsulları biz sığortalayacağıq”, - deyə o, qeyd edib.
Xatırladaq ki, 2019-cu ilin iyun ayında Azərbaycanda aqrar sığorta ilə bağlı qanun qəbul edilib, 2 ay sonra isə ölkə prezidentinin fərmanı ilə Aqrar Sığorta Fondu yaradılıb. Ötən il Fonda dövlət büdcəsindən 5 milyon manat ayrılıb.
Nazirlər Kabinetinin qərarına əsasən, bitkiçilik sahəsində ərzaq təhlükəsizliyinin gücləndirilməsi, ölkədə bitki yağları sənayesinin xammal təminatının idxal mənbələrindən asılılığının azaldılması, şəkər çuğunduru sahəsinin inkişafının dəstəklənməsi məqsədi ilə buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru siğortalanacaq. Bununla yanaşı, idxalın əvəzedilməsi və ixrac potensialının gücləndirilməsi məqsədilə portağal, limon, naringi, çay, tütün, çəltik, üzüm, fındıq, pambıq siğortalancaq. Bununla yanaşı, heyvandarlıq sahəsində 1 yaşdan 7 yaşadək südlük inəklər və camışlar siğorta ediləcək. Suda yetişdirilən məhsullar üzrə akvakulturanın inkişafını stimullaşdırmaq, balıq məhsulları ilə təminatda yerli istehsalın xüsusi çəkisini artırmaq məqsədilə ilkin mərhələdə balıqların sığortası təmin ediləcək. (Report)