Balakəndə ənənəvi keçirilən xurma festivalında üçüncü ildir ki, iştirak edirik. Bu festivalın rayonumuz üçün çox böyük əhəmiyyəti var. Burada insanlar öz əmək fəaliyyətləri nəticəsində qazandıqları nailiyyətləri təqdim edirlər. Belə bayramların keçirilməsi fermerləri, kənd təsərrüfatı sahəsi üzrə fəaliyyət göstərən sahibkarları sevindirir, daha da ruhlandırır. Belə tədbirlər dözlətimizin biz fermerlərə olan diqqət və qayğısının bariz nümunəsidir, əməyimizə, zəhmətimizə verilən dəyər və qiymətdir.
FED.az xəbər verir ki, bu fikirləri Balakəndə fəaliyyət göstərən “Rayyan İntensiv Bağçılıq və Tingçilik” Məhdud Məsuliyyətli Cəmiyyətinin sədri Məhəmməd Bazarov deyib.
Eləcə də bax: Azərbaycan Rusiyaya hallabong meyvəsi - SATIR – KOREYADAN GƏTİRİLİR
Cəmiyyətin sədri bildirib ki, təsərrüfat 2011-ci ildən fəaliyyət göstərir və əsas işi meyvə tingləri yetişdirmək, yeni bağlar salmaqdır. Hazırda cəmiyyətin Balakən rayonu ərazisində 200 hektaradək intensiv meyvə bağları var. MMC-nin tingçilik təsərrüfatında 100-dən çox meyvə sortu olmaqla, 150 minədək ting yetişdirilir. Təsərrüfatın fəaliyyətinin əsas istiqamətlərindən biri xarici ölkələrdə olan məhsuldar meyvə sortlarının tinglərini Azərbaycana gətirərək onları yerli şəraitə uyğunlaşdırmaq, həmçinin yerli tingləri intensiv calaq altları üzərində yetişdirərək daxili bazarı təmin etmək və xarici bazarlara satmaqdan ibarətdir.
Azərtac