Kənd Təsərrüfatı Nazirliyi 2025-cü il üçün barama istehsalı mövsümünə start verib.
FED.az bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, bu gün Qax Damazlıq İpəkçilik Stansiyasında aran və dağətəyi zonalarda yerləşən rayonlardan olan kümçülərə tut ipəkqurdu toxumu paylanılıb.
Tədbirdə nazir müavini Sarvan Cəfərov, nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri, Qax Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) direktorları, müxtəlif rayonlardan gəlmiş kümçülər, media təmsilçiləri iştirak ediblər.
S.Cəfərov bildirib ki, baramaçılıq kənd təsərrüfatının iqtisadi cəhətdən səmərəli istehsal sahələrindən biri sayılır, bu səbəbdən baramaçılığın ölkəmizdə inkişaf etdirilməsi nazirlik qarşısında prioritet vəzifələrdən biri kimi müəyyən edilib: “Ölkəmizdə ipəkçiliyin inkişafı üçün böyük potensial mövcuddur. Ölkə Prezidentinin tapşırıqlarına uyğun olaraq nazirlik respublikada ipəkçiliyin müasir infrastrukturunun yaradılması, baramaçılığın yem bazasının formalaşdırılması, barama toxumçuluğunun təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir”.
Tədbirdə qeyd olunub ki, nazirlik DAİM-lərin məlumatları əsasında qabaqcıl barama istehsalçılarının siyahısını, onlara məxsus kümxanaların vəziyyəti barədə məlumatları toplayaraq təhlil edib və müvafiq tədbirlər planı hazırlayıb. Plara uyğun olaraq mövsümün əvvəlindən kümxanaların aqrozootexniki tələblərə uyğun hazırlanması, ipəkqurdunun düzgün bəslənməsi, xəstəliklərin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər görülüb. Nazirliyin mütəxəssisləri bütün baramaçılıq rayonlarının məhsul istehsalçıları üçün maarifləndirici təlimlər təşkil edib, kümxanalarda xəstəlik və zərərvericilərə qarşı qabaqlayıcı dezinfeksiya işləri aparıb və kümçülərə yerində məsləhətlər verib.
2025-ci ildə ipəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi, barama istehsalı ilə bağlı əhalinin məşğulluğunun artırılması və sosial rifahının daha da yaxşılaşdırılması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi respublikada cari ildə istehsalı planlaşdırılan yaş barama məhsulunun həcmini nəzərə almaqla Çindən 5 000 qutu ipəkqurdu sənaye toxumları tədarük edib. Eyni zamanda, ölkəmizdə ipəkçiliyin gələcək inkişafının təmin edilməsində barama toxumçuluğunun təşkili üzrə infrastrukturun yaradılmasının xüsusi əhəmiyyətini nəzərə alaraq, ipəkqurdu cins və hibridlərinin yüksək keyfiyyətli ilkin material hazırlanması, çoxaldılması və kümçülərin barama toxumları ilə təmin edilməsi funksiyalarını həyata keçirən, müasir standartlara uyğun şəkildə yenidən qurulmuş Qax Damazlıq İpəkçilik Stansiyasında 1000 qutu hibrid ipəkqurdu toxumu istehsal olunub.
Tut ipəkqurdu toxumları inkubasiya üçün Qax Damazlıq İpəkçilik Stansiyası, Zərdab Baramaqurutma Məntəqəsi, Zaqatala Baramaqurutma Məntəqəsi və Naxçıvan Muxtar Respublikasında inkubasiya kameralarına qoyulub.
Tədbirdə inkubasiya olunmuş tut ipəkqurdu toxumları 40 bölgədən olan kümçülərə paylanıb. Ümumilikdə mayın 5-nə qədər kümçülərə inkubasiyadan sonra 5 500 qutu verilib. İpəkqurdu toxumlarının kümçülərə paylanması prosesi davam edir.