İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsinə dair keçirdiyi ilk qrant müsabiqəsinin qalib layihələrindən olan bal arılarının gənələrdən təmizlənməsi üçün qurğu artıq hazırdır.
FED.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Məlumata görə, arı ailələrinin məhsuldarlığını artırmaq üçün onları gənələrdən təmizləyən “ANTİVARROA” qurğusu bu ilin avqust – sentyabr aylarında Göygöl rayonunun Üçtəpə kəndində yerləşən arıçılıq təsərrüfatında sınaqdan keçirilib və nəticələr uğurlu olub. Belə ki, sınaqlar zamanı iki arı ailəsində olan arılar gənələrdən təmizlənib.
Elektronika mühəndisləri və arıçılıq üzrə mütəxəssislər tərəfindən hazırlanmış qurğunun üstünlüklərindən biri onun çöl şəraitində və yaşayış məntəqələrindən uzaq yerlərdə elektrik enerjisi olmadan işləməsidir.
Hazırda “Əmir texniki xidmətlər” MMC qurğunun günəş batareyalarından qidalanan variantının üzərində iş aparır, həmçinin qurğu istehsala hazırlanır. Qurğunu artıq Əqli Mülkiyyət Agentliyi patentləşdirib.
Adı çəkilən qrant müsabiqəsi çərçivəsində KOBİA 15 layihəni maliyyələşdirib. “Bal arılarını gənələrdən təmizləmək üçün milli brend qurğunun hazırlanması” layihəsi üzrə 17 300 manat vəsait ayrılıb. Bununla yanaşı, sözügedən layihəni 3 il müddətinə gəlirlər üzrə mənfəət vergisindən azad edən “Startap” şəhadətnaməsi verilib.