Azərbaycan aqrar sığorta mexanizminin yaradılması ilə bağlı Türkiyə təcrübəsini öyrənir.
FED.az xəbər verir ki, bir qədər əvvəl prezident İlham Əliyev ölkədə Aqrar Sığorta Fondunun yaradılması barədə fərman imzalamışdı.
Hazırda aqrar sığorta sisteminin institusional çərçivəsi yaradılır. Fondun Nizamnaməsi hazırlanıb, sığortalanacaq kənd təsərrüfatı predmetlərinin əhatə dairəsi və təminat veriləcək risklər müəyyən edilib, sığorta tarifləri hesablanaraq sığorta haqqına dövlət büdcəsi hesabına ödənilməli dəstəyin miqdarı müəyyən edilib. Bundan başqa, müstəqil ekspertlər üçün imtahanın keçirilməsi qaydaları hazırlanıb, aqrar sığorta elektron informasiya sisteminin əsasnaməsi formalaşdırılıb və aidiyyəti qurumlarla razılaşdırılma mərhələsindədir.
Azərbaycan və Türkiyə Kənd Təsərrüfatı Nazirlikləri arasında əməkdaşlığa dair 2018-ci ilin dekabr ayında imzalanmış niyyət protokoluna uyğun olaraq noyabr ayında Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti başda nazir müavini İlhamə Qədimova olmaqla Türkiyə Respublikasına işgüzar səfər edib. Səfər çərçivəsində Türkiyənin Tarım və Orman Bakanlığı və “TARSİM” AŞ kənd təsərrüfatı sığortası təşkilatı ilə görüşlər keçirilib, Azərbaycan nümayəndələri aqrarsığorta sisteminin əməliyyat mühiti və tənzimlənmə çərçivəsi ilə yaxından tanış olublar.
Eyni zamanda Azərbaycan aqrar sığorta fondunun fəaliyyətə başladıqdan dərhal sonra proqram təminatının hazırlanması, müstəqil ekspertlər institutunun formalaşdırılması və digər istiqamətlər üzrə Aqrar Sığorta Fondu və “TARSİM” AŞ arasında əməkdaşlığın qurulması ilə bağlı razılıqlar əldə olunub.
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aidiyyəti qurumlarla birlikdə Fərmanın icra edilməsi intensiv olaraq davam etdirilir ki, qısa müddət ərzində Aqrar Sığorta Fondunun fəaliyyətə başlanmasına və 2020-ci ilin ikinci yarısından etibarən sığorta məhsullarının istehlakçılara təqdim edilməsinə nail olunsun.