Azərbaycanda 8,3 milyon baş xırdabuynuzlu heyvan var və onun 7,6 milyonunu qoyunlar təşkil edir. FED.az xəbər verir ki, bu rəqəmlər BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Dövlət Agentliyi ilə birgə qoyunçuluq sektorunun inkişafı üzrə maraqlı tərəflərin məsləhətləşmə seminarında açıqlanıb. Tədbirdə bildirilib ki, qoyunların bəslənilməsi üçün respublikamızda 2,3 milyon hektar örüş sahələri var. 2017-ci ildə Azərbaycanda 79 min ton ət istehsal edilib və bu, dünya üzrə 28-ci göstəricidir. Son illər ən çox qoyun idxalı 2016-cı ilin payına düşüb və həmin il 67 min qoyun alınıb. İstər qoyunların sayında, istərsə də kəsilmiş qoyun ətinin miqdarına görə xeyli artım olsa da, istehsalın daha yüksək səviyyəyə çatdırılması, eləcə də pendir və yağ istehsalının artırılması sahəsində mövcud potensialdan heç də tam istifadə edilmir. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, digər dövlət müəssisələri, assosiasiyalar, beynəlxalq təşkilatlar və özəl sektor nümayəndələri, fermerlər, həmçinin FAO-nun beynəlxalq mütəxəssisləri iştirak edib. Seminarın əsas məqsədi qoyunçuluğun dəyər zənciri iştirakçılarını fəal şəkildə cəlb etməklə onun bütün pillələrindəki məsələləri müzakirə etmək, bu sahədəki imkanları və məhdudiyyətləri ətraflı şəkildə başa düşmək və çoxşaxəli inkişafına şərait yaratmaq olub. Seminarda FAO-nun Dəyər Zənciri üzrə beynəlxalq məsləhətçisi Mita Puncabi Azərbaycanda qoyunçuluq sahəsi üzrə aparılan təhlilin nəticələri barədə iştirakçılara məlumat verib. Qeyd edək ki, tədbir Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilən və FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində ötən ilin dekabrından icra olunan “Qoyunçuluğun davamlı inkişafı və ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması” layihəsi çərçivəsində təşkil olunub. Layihə çoxaltma və yemləmə strategiyalarının hazırlanması, heyvan sağlamlığı və transsərhəd xəstəliklərin idarəsi sahəsində mövcud olan çətinlikləri həll etmək, məhsulun bazar tələbatına əsasən hazırlanmasını təmin etmək üçün qoyunçuluq üzrə dəyər zəncirinin fəaliyyətini dayanıqlı şəkildə inkişaf etdirmək məqsədini daşıyır. |
Azərbaycanda 7,6 milyon qoyun var – RƏQƏMLƏR AÇIQLANDI
08:50
22 İyul 2019