Son 5 ildə aqrar sığorta bazarında toplanan vəsait 788,9 dəfə artaraq 14,2 milyon manata çatıb.
Sığortalanan əkinlərin sahəsində 6% artım qeydə alınıb
FED.az xəbər verir ki, bunu Aqrar Sığorta Fondunun nümayəndəsi Azər Məmmədov “Azərbaycanda aqrar sığorta: İnkişaf və perspektivlər” mövzusunda keçirilən tədbirdə bildirib.
“2020-ci ildə aqrar sığorta üzrə cəmi 18 min manat sığorta haqqı toplanmışdı və ödəniş edilməmişdi. Lakin 2024-cü ildə bu rəqəm 14,2 milyon manata yüksəlib, sığorta ödənişlərinin həcmi isə 6,4 milyon manat təşkil edib”, - deyə o qeyd edib.
A. Məmmədovun sözlərinə görə, son 20 ildə Azərbaycanda iqlim dəyişikliyi səbəbindən təbii fəlakətlərin başvermə tezliyi xeyli artıb.
“Bu dövr ərzində dolunun tezliyi 3 dəfə, daşqınların sayı 12 dəfə, şiddətli küləkli günlərin sayı isə 18 dəfə çoxalıb”, - deyə o vurğulayıb.
O əlavə edib ki, 2002-ci ildə “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun qəbul edilsə də, sistem tam formalaşmamışdı. Yalnız 2019-cu ildə “Aqrar sığorta haqqında” qanunun qəbulu və 2020-ci ildən sistemin fəaliyyətə başlaması aqrar sığortanın inkişafına təkan verib.
Kənd Təsərrüfatı nazirinin müşaviri Zaur Əliyev bildirib ki, aqrar sığortanın inkişafı fermerlərə risklərini öncədən görməyə və onlara qarşı tədbir görməyə imkan yaradır.
“Bu imkanların genişlənməsi fermerlərin risklərini sığortalamasına və dayanıqlı gəlir əldə etməsinə şərait yaradır. Son 5 ildə aqrar sığorta sahəsində uğurlu fəaliyyət qurulub. Bu istiqamətdə hüquqi baza formalaşdırılıb və ildən-ilə əldə edilən yüksək nəticələr bunu təsdiqləyir. Aqrar sığorta mexanizmləri ölkədə təkmilləşir”, – deyə Z.Əliyev qeyd edib.
O əlavə edib ki, kənd təsərrüfatı sektoru təbii şəraitdən asılı olduğu üçün yüksək risk daşıyır.
“Kənd təsərrüfatı sektoru açıq havada fəaliyyət göstərən bir fabrik kimidir. Bu sahə müxtəlif risklərə məruz qalır və bu risklər birbaşa fermerin əmək fəaliyyətinə təsir edir. Təbiət hadisələri nəticəsində baş verən itkilər fermerlər üçün ciddi maliyyə çətinlikləri yarada bilər. Məhz buna görə aqrar sığortanın inkişafı sektorun dayanıqlığını təmin etmək baxımından mühüm rol oynayır”, - deyə o vurğulayıb. (Report)