Azərbaycanın əsas suvarma arteriyalarından sayılan Şirvan su kanalının yenidən qurulmasından sonra bu kanal vasitəsilə su təchizatı 78 kubmetr saniyədən 180 kubmetr saniyəyə çatdırılacaq.
FED.az xəbər verir ki, bunu “Kommunal İnfrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən “Milli Biznesin İnkişafı Forumu”nda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Elm və İnnovasiyalar sektorunun müdiri Əliağa Əzizov deyib.
O bildirib ki, kanalın ümumi uzunluğu 122 kilometrdən 204 kilometrə qədər uzadılacaq:
“Bu layihədən sonra Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab, İsmayıllı, Ağsu, Kürdəmir, Şamaxı və Hacıqabul rayonlarında ümumilikdə 228 min hektar torpaq sahəsinin suvarılması yaxşılaşdırılacaq. Hacıqabul gölünün də vəziyyətinin yaxşılaşdırılması planlaşdırılır”, - deyə o əlavə edib. (Apa)