“2020-ci il üçün respublika üzrə 1 milyon hektardan çox sahədə taxıl əkini aparılıb”.
FED.az xəbər verir ki, bunu Modern.az-ın sorğusuna cavab olaraq, Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib.
Eləcə də bax: Azərbaycan buğda idxalına çəkdiyi xərci - 3 DƏFƏ AZALDIB
V.Hüseynov qeyd edib ki, əkin sahələrinin 641 min hektarını buğda, 369 min hektarını arpa səpini təşkil edir:
“Hazırda sahələrdə vegetasiya suvarmaları həyata keçirilir, mövsümi aqrotexniki tədbirlər davam edir”.
Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyi növbəti taxıl biçini mövsümünə hazırlıqları yekunlaşdırmaq üzrədir:
“Respublikada 1700-dən çox taxılbiçən kombayn var. “Aqrolizinq” ASC-nin rayon bölmələri biçinə 728 kombayn cəlb edəcək, bundan əlavə, 125 ədəd yeni kombayn alınması planlaşdırılır. Eyni zamanda özəl sektor tərəfindən də yeni taxılbiçən kombaynların alınması davam edir. Ümumilikdə, ölkədə taxıl biçini zamanı tələbatı tam ödəyəcək sayda kombayn mövcuddur. Taxıl biçini zamanı rayonlar üzrə kombaynlara olan tələbat müəyyənləşdirilib və ilkin dslokasiya sxemi formalaşdırılıb”.
Nazirlik rəsmisi qeyd edib ki, biçinə mayın sonları və iyunun əvvəllərində start veriləcək:
“Həmişə olduğu kimi biçin prosesi Aran rayonlarında başlayacaq, dağətəyi rayonlarda davam edəcək, sonuncu mərhələdə isə dağlıq rayonlarda biçin aparılacaq. Biçin prosesinin üçmərhələli olması taxılın təbii çoğrafi şəraitə uyğun olaraq fərqli dövrlərdə yetişməsi ilə bağlıdır”.