Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi tədbirləri çərçivəsində “Aqronaft” MMC şirkəti tərəfindən Azərbaycana Avropadan məşhur “Laqun” qoyunları gətirilib. Mütəxəssislərin bildirdiyinə görə, qiyməti 800 manatdan yuxarı olan yeni cins qoyunlar əsasən südlük və balavermə xüsusiyyətləri ilə seçilir.
“Aqronaft” MMC-nin heyvandarlıq üzrə mütəxəssisi Fəxrəd Eminov FED.az-a bildirib ki, Azərbaycana son illərdə qoyunların cins tərkibinin daha da yaxşılaşdırılması məqsədi ilə xarici ölkələrdən, xüsusən də Avropadan yeni qoyun cinsləri gətirilir: “İlk dəfə Azərbaycana 2014-cü ildə “Saanen” və “Alpin” keçiləri və 1000 başa yaxın da “Asar” cins qoyunları gətirilib. Bu qoyunlar az miqdarda da olsa, Azərbaycanın bir çox regionlarında yayıldı. Bəzi sahibkarlar bu cinslərin hesabına öz təsərrüfatını bir az da genişləndirdi. Artıq bu qoyun cinsləri rayonlaşıb və çox yaxşı səmərə verir”.
Mütəxəssis son 1 ildə Azərbaycana gətirilməsi planlaşdırılan qoyun və keçi növlərinin də danışıb: “Ölkəmizə “İle de France”, “Suffolk”, “Laccoune”, “Alman Karabaş”, “Landshaf Merino” qoyunları, bununla yanaşı “Alpin”, “Janinq” keçilərinin gətirilməsi də planlaşdırılır. Yeni cins olduğuna görə, hələlik sahibkarlar maraq məqsədi ilə bu qoyunlardan 3-5 baş alıb öz təsərrüfatlarını inkişaf etdirmək istəyirlər”.
Ekspert onu da qeyd edib ki, adətən Azərbaycana gətirilən xırdabuynuzlu heyvanlar südlük xüsusiyyətlərinə görə gətirilir: “Yerli sahibkarlar qoyun və keçilərin süd məhsuldarlığın nəzərə alaraq bu sahəyə daha çox maraq göstərirlər. Çalışırıq ki, dövlətin verdiyi dəstək əsasında 60% güzəştlə bu heyvanları ölkəyə gətirək. Prezidentin 2018-ci ildə verdiyi fərmana görə, ayrı-ayrı təchizatçı şirkətlərə şərait yaradıldı ki, damazlıq məqsədi ilə heyvan gətirib güzəştli şərtlərlə sahibkarlara satışını təşkil etsinlər”.
Fəxrəd Eminov koronavirus pandemiyasının xaricdən gətirilən cins qoyunların qiymətinə təsir edəcəyinin də gözləndiyini deyib: “İndiyə qədər Avropadan gətirdiyimiz qoyunların qiyməti 800 manatdan yuxarıdır. Biz bu qoyunları 60% güzəştlə, 1 il də sığorta daxil olmaqla sahibkarlara 420-460 manata satmışıq. Xırdabuynuzlu heyvanların cinsindən və hansı ölkədən gətirilməsindən asılı olaraq, qiymətlərdə fərq olur. Ola bilsin ki, pandemiya ilə əlaqədar olaraq qiymətlərdə az da olsa artım müşahidə olunsun. Xaricdəki şirkətlərlə və iş adamları ilə söhbətlər əsnasında belə başa düşürük ki, onlar qiymətləri qaldırmaq istəyirlər. Əgər qiymətlər artsa, təxminən 510-530 manat arasında dəyişilə bilər. Bu, bizim proqnozumuzdur”.
Mütəxəssis bu qoyunların maksimum balavermə qabiliyyətindən də danışıb: “Hər 100 qoyundan 1 ildə 140-150 baş quzu almaq mümkündür. Bu qoyunların boğazlıq müddəti 156 gün olduğuna görə, ildə iki dəfə bala almaq olur. Amma iki dəfə bala aldıqdan sonra ana qoyunun orqanizmi həddən artıq düşür və özünü bərpa edə bilmir. Buna görə də, bu qoyunların ildə iki dəfə balalaması məsləhət deyil. Yaxşı yemləmə və bəsləmə şəraitində bu qoyunlardan 2 ildə 3 dəfə də bala almaq mümkündür. Amma ta qədimdən indiyə kimi, Azərbaycanda bir ana qoyunun ildə bir dəfə bala verməsi nəzərdə tutulur”.
Fəxrəd Eminov deyir ki, gətirdikləri xırdabuynuzlular əsasən 1 yaşa qədər olan dişi qoyunlardır: “Sahibkar bizdən 50 baş qoyun alır, ona əlavə 1 baş da qoç şatırıq. Qoçun qiyməti qoyunlara nisbətən təxminən 100-120 manat bahadır. Bu qiymətlərin içində heyvanın 1 illik sığortası var, dövlət 60%-ni ödədikdən sonra, sahibkar yerdə qalan 40%-in 25%-ni ilkin ödəniş edir. Qalan 15%-ni də müvəkkil kredit təşkilatlar vasitəsilə bizim hesabımıza ödəyə bilər. Sonra sahibkar 3 il müddətinə həmin banka 6%-lə götürdüyü krediti ödəyir. Biz bu kredit şərtlərini qəbul edirik. İmkanı olan sahibkar bu qoyunları nağd da ala bilərlər”.
Ekspert son vaxtlar Azərbaycanda bu cins qoyunlara marağın artıdığına da diqqət çəkib: “Hazırda 10 nəfərə yaxın sahibkara yeni cin xırdabuynuzlu heyvan satmışıq. Onlar 5, 8, 10, 20, 30 baş qoyun və keçi alıblar. Bu cins qoyun və keçilərin üstünlüyü süd məhsuldarlığının yüksək olmasındadır. Qoyun və keçi südünün yağlılığı 6-7% olur. 22 litr inək südündən 1 kiloqram yağ almaq olur. Amma bu cins qoyun və keçilərdə südün yağlılığı çox olduğuna görə, bundan 2,5-3 dəfə az miqdarda süd sərf olunur. İnək südünə nisbətən qoyun südünün tərkibində həm zülal, həm şəkər, həm də yağ çoxdur. Bu qoyun və keçilərin pendiri də keyfiyyəti və dadlı olur. Ona görə də sahibkarlar əsasən bu cins növlərə maraq göstərirlər”.