Aqrar

Azərbaycana gətirilən qoyunların sayı - KƏSKİN ARTIB

Azərbaycana gətirilən qoyunların sayı - KƏSKİN ARTIB | FED.az
20:00 26 Fev 2020

2019-cu ildə Azərbaycana 10 milyon 698 min ABŞ dolları dəyərində 139 min 701 baş qoyun idxal olunub.

FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, 2018-ci il ilə müqayisədə ölkəyə qoyun idxalı dəyər ifadəsində 3 milyon 564 min dollar və ya 50% artıb. Say baxımından isə hesabat dövründə 31 min 106 baş və ya 29%-ə yaxın artım qeydə alınıb.

Hesabat ilində ölkəyə 50 min 52 baş qoyun (3 milyon 655 min dollar) Rusiya, 780 baş (55 min dollar) Ukrayna, 16 min 968 baş (1 milyon 652 min dollar) Qazaxıstan, 71 min 821 baş (5 milyon 304 min dollar) Gürcüstan, 80 baş (32 min dollar) isə Türkiyədən idxal olunub.

FED.az xəbər verir ki, Rusiyadan gətirilən qoyunların hər biri 73 dollar, Ukraynadan gətirilənlər 70 dollar, Qazaxıstandan gətirilənlər 97,4 dollar, Gürcüstandan gətirilən hər bir qoyun 74 dollar, Türkiyədən gətirilən qoyunların hər biri 400 dollar təşkil edib. Bu rəqəmlər Türkiyədən ölkəmizə cins qoyunların, digər ölkələrdən isə istehlak məqsədilə qoyunların gətirildiyini göstərir.  

Qeyd edək ki, 2018-ci ildə ölkəyə qoyun idxalının dəyəri 7 milyon 134 min dollar təşkil etmişdi. Həmin müddətdə ölkəyə 108 min 595 baş qoyun idxal olunmuşdu.

Digər xəbərlər