Fevralın 7-9-da Berlində (Almaniya) "Fruit Logistica" meyvə-tərəvəz sərgisi keçiriləcək.
FED.az xəbər verir ki, bu barədə məlumatı İqtisadiyyat Nazirliyinin Mətbuat xidməti yayıb.
Azərbaycan məhsullarının da nümayiş olunacağı sərgidə 84 ölkədən 3 mindən çox şirkətin iştirakı nəzərdə tutulur.
Nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AzPromo) təşkilatçılığı ilə 9 ixracatçı Azərbaycan şirkətinin istehsal etdiyi meyvə-tərəvəz məhsulları vahid ölkə stendi ilə bu beynəlxalq sərgidə ziyarətçilərə təqdim ediləcək.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 5 oktyabr 2016-cı il tarixli "Made in Azerbaijan" brendinin xarici bazarlarda təbliğinə dair fərmanına uyğun olaraq, "Fruit Logistica" meyvə-tərəvəz sərgisində Azərbaycanın vahid ölkə stendinin təşkili xərcləri dövlət tərəfindən qarşılanır.