"2018-ci ildə kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi əvvəlki illə müqayisədə 4,6 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 6,8 faiz artıb. Heyvandarlıq məhsullarının istehsalında artım 2,7 faiz təşkil edib. Keçən il 1,5 milyon tondan çox tərəvəz, 1 milyon tondan çox meyvə və giləmeyvə istehsal olunub. Bu isə müstəqillik dövründə qazanılmış ən yüksək nəticədir. Həmçinin meyvə-tərəvəz məhsullarının ixracı 11,1 faiz artaraq 530 milyon ABŞ dolları olub".
FED.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Eləcə də bax: Maaşlar artır, natəmiz adamlar qiymətləri qaldırırlar - PREZİDENTDƏN XƏBƏRDARLIQ
Onun sözlərinə görə, aqrar sahədə müsbət inkişaf dinamikası cari ildə də davam edir:
"Birinci rübdə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumi istehsal həcmi 3,6 faiz, o cümlədən bitkiçilik 24,7 və heyvandarlıq 2,8 faiz artıb. 32 faiz çox tərəvəz istehsal olunub, meyvə-tərəvəz ixracının həcmi 28,2 faiz artıb.
Aqrar sahədə inkişafın davamlılığını təmin etmək üçün, müəyyən etdiyiniz strateji kursa uyğun olaraq, Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətini düzgün idarəçilik, innovasiyaların tətbiqi və fermerlərə yaxınlıq prinsiplərinə əsasən qurmuşdur. Fermerlərə xidmətlərin əlçatanlığını və keyfiyyətini artırmaq məqsədilə nazirliyin rayon idarələrinin əsasında Dövlət Aqrar İnkişaf mərkəzləri yaradılıb. Bununla da keçmiş kənd təsərrüfatı idarələri inzibati strukturdan xidmət qurumlarına çevriliblər. Mərkəzlərdə "vahid pəncərə” prinsipinə uyğun olaraq, fermerlərə 70-ə yaxın xidmət göstərilir.
Nazirliyin nəzdində fəaliyyət göstərən 4 qurumun bazasında Aqrar Xidmətlər Agentliyi yaradılıb. Agentlik baytarlıq, fitosanitar, toxum müfəttişliyi və texniki nəzarət xidmətləri üzrə çevik və səmərəli idarəetməni təmin edəcək".