Kənd Təsərrüfatı Nazirliyi yanında “Dövlət Aqrar Ticarət Şirkəti” MMC Birləşmiş Ərəb Əmirlikləri və Nigeriyaya Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracını həyata keçirir.
Bu barədə FED.az-a “Dövlət Aqrar Ticarət Şirkəti” (DATŞ) MMC-dən bildirilib.
Məlumata görə, bu günlərdə Nigeriyaya növbəti belə bir ixrac əməliyyatı baş tutub. Belə ki, Şirkətə müraciət edən Xaçmaz rayonunun Manafoba kənd sakini Cabir Ağcabəyovun öz pay torpağında yetişdirdiyi “Napoleon” sortu gilas məhsulu Nigeriyaya ixrac edilib, məhsulun ödənişi isə ona "Fermer kartı" vasitəsilə edilib.
Dövlət Aqrar Ticarət Şirkətinin vasitəsilə Nigeriyaya ixrac edilən Azərbaycan gilası artıq paytaxt Abucanın marketlərində satışa çıxarılıb və yerli əhali tərəfindən maraqla qarşılanıb.
DATŞ-ın direktoru Leyla Məmmədova ixrac əməliyyatlarının davamlı olacağını bildirib:
“Şirkətimizin fəaliyyətə başlamasından bir il ötür. Bu müddət ərzində fəaliyyət məqsədlərimizə uyğun olaraq, kiçik və orta fermer təsərrüfatı sahiblərinin məhsullarının satışına dəstək göstərmiş, onlar üçün yeni satış kanalları yaratmaqla bərabər, məhsulların qablaşdırılmasını həyata keçirmişik. Eyni zamanda Azərbaycan kənd təsərrüfatı məhsullarının xarici ölkələrə ixracı ilə məşğul olmuşuq, ənənəvi bazarlarla yanaşı, yeni bazarlar axtarışındayıq və bu fəaliyyətimiz uğurla davam edir. Hal-hazırda Dövlət Aqrar Ticarət Şirkəti olaraq Ukrayna, Rusiya, Gürcüstan, Nigeriya, Birləşmiş Ərəb Əmirliklərinə kənd təsərrüfatı məhsullarının ixracını həyata keçiririk. Zaman keçdikcə ixrac etdiyimiz məhsulların həcmi və çeşidi, eyni zamanda ixrac edilən ölkələrin sayı artan templə davam edir. Azərbaycan kənd təsərrüfatı məhsullarına xarici ölkələrdə maraq böyükdür, çünki bizim məhsulların dadı və keyfiyyəti digərlərindən üstündür”.