Azərbaycandan Avropa Birliyinə qoyun yununun ixracı ilə bağlı ilkin razılıq əldə olunub
FED.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyi Avropa Birliyi ölkələrinin müvafiq qurumları ilə əməkdaşlığın genişlənməsi və Azərbaycanın baytarlıq nəzarəti sisteminin Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) standartlarına uyğunlaşdırılması üçün iş aparır.
Əldə olunana razılaşmaya görə, Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş baytarlıq sertifikatları Avropa Birliyi ölkələrində tanınmağa başlayıb.
Qoyun yunu böyük ixrac potensialına malikdir. Bu məqsədilə Avropa Birliyi ilə danışıqlar aparılıb və qoyun yununun ixracı üzrə ilkin razılıq əldə edilib.
Razılaşmaya görə, Avropaya qoyun yunu satmaq istəyən müəssisələr xüsusi standartlar üzrə qiymətləndirilməli və onlar haqqında məlumatlar Avropa Birliyinin aidiyyəti qurumlarına təqdim olunmalıdır.
Müvafiq məlumat bazasında qeydiyyata götürülmüş müəssisələrdən Agentlik tərəfindən verilmiş baytarlıq sertifikatı əsasında yunun ixracatı həyata keçirilə bilər.
Avropa Birliyinə yun ixrac etmək istəyən sahibkar və şirkətlər lazımi prosedurlardan keçmək və məlumat almaq üçün ((012) 565-12-72, daxili (224), (229)) AQTA-ya müraciət edə bilərlər.