Xaçmazlı təsərrüfatçılar arasında sarımsaq becərilməsinə maraq artıb. Ötən il rayon ərazisində məhsuldarlıq və qiymətlər yüksək olduğundan təsərrüfat sahibləri bu il əkin sahələrini daha da genişləndiriblər.
Bu il rayonun Çarxı kəndində 15 hektardan çox sahədə sarımsaq əkilib. Səpini ilk dəfə texnika vasitəsilə aparan fermerlər toxumluq sarımsağı Özbəkistandan gətiriblər. Yüksək məhsuldarlığı ilə seçilən sarımsaq növünün artırılması nəzərdə tutulub.
Təsərrüfatçı Yusif Məmmədov bildirib ki, Xaçmaz rayonunda sarımsaq becərilməsi üçün kifayət qədər münbit torpaq olsa da, əvvəllər bu sahəyə maraq az idi. Amma son illər bu məhsula olan tələbatın artması və qiymətin münasibliyi təsərrüfatçıları sarımsaq əkməyə həvəsləndirib.
“Əvvəllər sarımsaq əkilən sahələrin ümumi sahəsi 3 hektardan yuxarı olmazdı. Ancaq bu il 15 hektardan çox sarımsaq əkilib. Camaat da həvəslə əkib-becərir. Çünki sarımsağın becərilməsi az əmək tələb edir, əvəzində yaxşı gəlir gətirir”, - deyə təsərrüfatçı qeyd edib.
Xaçmaz rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Azər Haqverdiyev bildirib ki, havaların əlverişli keçməsindən istifadə edən təsərrüfatçılar səpin prosesini vaxtında yekunlaşdırıblar. İdarəyə müraciət edən bütün təsərrüfatçılara texnika, toxum və digər istiqamətlərdə kömək göstərilib.