Bir neçə gündür Astaranın sitrus bağlarında portağal yığımına başlanılıb. Rayonun sitrusçuluqla məşğul olan fermerləri və məhsul istehsalçıları bu il bol portağal yetişdiriblər.
FED.az xəbər verir ki, Astara Rayon Statistika İdarəsindən verilən məlumata görə, ötən il rayonda 372 hektar sitrus bağlarından 2542 ton portağal yığılıb. Bu il isə portağalın əkin sahəsi 39,8 hektar artırılaraq 411,7 hektara çatdırılıb. Bağlardan 3000 tona yaxın məhsulun yığılması proqnozlaşdırılır.
Eləcə də bax: Azərbaycanda portağal niyə bu qədər - BAHADIR?
Rayonun sitrusçuları portağalın həm həcminə, həm də dadına görə fərqlənən “Vaşinqton” növünə üstünlük verirlər. Bazarlarda portağalın bir kiloqramının qiyməti 1,5-2 manatdır.
Əsasən yerli bazara çıxarılan portağalın yığım kampaniyası dekabr ayının sonuna kimi davam edəcək.
"Azərtac"