"Bu il narın və onun emalı nəticəsində əldə edilmiş məhsulların həm istehsalında, həm də ixracında ötən illə müqayisədə böyük artım olacağı gözlənilir".
FED.az xəbər verir ki, bunu Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov deyib.
“2018-ci il üzrə yekun ixrac göstəriciləri gələn ilin fevral-mart aylarında məlum olacaq. Çünki ixrac prosesi hər ilin sentyabr-oktyabr aylarından başlayaraq, təxminən, yarım il davam edə bilər. Sahibkarlar və fermerlər məhsullarını soyuducularda saxlamaq şərti ilə növbəti ilin fevral-mart aylarına qədər ixrac edə bilərlər. Bu səbəbdən, mövsümün statistikası hələlik məlum deyil. Ancaq düşünürük ki, bu il həm istehsal, həm də ixracda 20-25% artım olacaq”, - o qeyd edib.
Assosiasiya sədrinin sözlərinə görə, 2017-ci ildə Azərbaycanda 165 min ton nar yığılıb, təxminən, 10 mln. ABŞ dolları məbləğində nar ixrac edilib: "Satış, əsasən, MDB və Avropa ölkələri, qismən isə ABŞ və Avstraliya istiqamətində həyata keçirilib. Bu il isə ölkədə nar yığımının 190-200 min ton olacağına ümid edirik. Təbii ki, istehsalın artımı ixracın da artmasına səbəb olacaq. Narla yanaşı, iri emal müəssisələrinin hazırladığı nar məhsullarının - nar konsentratı, narşərab, nardan hazırlanmış spirtli içkilərin, şirələrin və kompotların da ixracında artım olacaq" (report).