Kənd Təsərrüfatı Nazirliyinin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) arı ailələrinə görə subsidiya almaq üçün elektron müraciətin formalaşması davam edir.
FED.az xəbər verir ki, bu barədə Nazirliyin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, bu günə qədər EKTİS-də 8 146 fermer 208 921 arı ailəsini bəyan edib. Bu proses aprelin 30-da başa çatacaq.
Ölkə prezidentinin 27 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş və subsidiyaların verilməsində vahid mexanizmi tənzimləyən “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na əsasən arıçılıqla məşğul olan fermerlərə saxladıqları hər arı ailəsinə görə hər təqvim ilində 10 manat subsidiya verilir. Reqlamentə əsasən, arıçı fermerlər EKTİS-də arı ailələrinin (pətəklərinin) qeydiyyatını həyata keçirir və hər il aprelin 30-na qədər həmin ailələrin mövcud vəziyyəti barədə məlumatları EKTİS-də yeniləyir. EKTİS-də mövcudluğu təsdiqlənmiş arı ailələrinin (pətəklərinin) sayına əsasən subsidiya müraciəti (elektron bəyannamə) formalaşır və fermerin kabinetinə göndərilir. May ayı ərzində Aqrar Kredit və İnkişaf Agentliyi seçmə üsulla monitorinqlər təyin edəcək. Monitorinqlər rayonlarda Dövlət Aqrar İnkişaf Mərkəzləri tərəfindən yerində müşahidə üsulu ilə keçiriləcək.
Monitorinq zamanı fermerin bəyannaməsində göstərilən məlumatlardan fərqli hallar müəyyən edildikdə, fermerin bununla əlaqədar subsidiya məbləği azaldılır və azalma elektron kabinetində əks olunur. Əgər fermer monitorinqin nəticəsinə 15 gün ərzində etiraz edərsə, onda vəziyyəti fermerin iştirakı ilə Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) mütəxəssisi yerində müşahidə aparmaqla qiymətləndirir, nəticə aktlaşdırılaraq EKTİS-ə daxil edilir.
Müraciətləri DAİM təsdiq etdikdən sonra AKİA subsidiya ödənişini həyata keçirir.
Arıçılıq sahəsində subsidiyalar 2020-ci ildən etibarən tətbiq edilməyə başlanıb və 2023-cü ilə qədər davam etdirilməsi nəzərdə tutulub.