Azərbaycana balın idxalının məhdudlaşdırılması ilə bağlı Azərbaycan Arıçılar Assosiasiyası adından ölkə rəhbərliyinə müraciət imzalanıb.
FED.az xəbər verir ki, bunu Azərbaycan Arıçılar Assosiasiyasının rəhbəri Bədrəddin Həsrətov deyib.
Eləcə də bax: Azərbaycan İordaniyaya bal - İXRAC EDƏCƏK
“Artıq biz ölkə əhalisinin bala olan tələbatını tam şəkildə ödəyə bilirik. Bu, ölkədə arıçılığın inkişafına bir stimul olacaq və bu sahə daha sürətlə inkişaf edəcək”, - deyə Bədrəddin Həsrətov bildirib.
Bədrəddin Həsrətov deyib: “Keçən il Azərbaycanda 3 min ton bal istehsal olunub. Builki istehsalımız artıq 6 min tona yaxınlaşır. Əvvəlki illərdə hər arı ailəsindən 8-10 kiloqram bal istehsal olunurdusa, bu il orta məhsuldarlıq 15 kiloqrama çatır. Azərbaycan artıq xaricə bal ixrac etməyə başlayıb. Bu il Yaponiyaya 8 ton, Birləşmiş Ərəb Əmirliklərinə 3 ton, Dubaya isə 4 tona yaxın bal göndərilib. Hazırda İordaniya ilə danışıqlar aparılır. Bu yaxınlarda oraya da bal göndəriləcək. Bunlar ilkin nümunələrdir”.
Azərtac