İmişli, Bərdə və ümumilikdə bölgələrin arıçıları bu il ciddi satış problemi ilə üzləşiblər. Onlar deyirlər ki, məhsuldarlıq əvvəlki illərlə müqayisədə daha yüksək olsa da, alıcılıq qabiliyyəti kəskin şəkildə aşağı düşüb. Bəzi təsərrüfatlarda tonlarla bal əldə edilib, lakin cəmi bir neçə yüz kiloqramının satıldığı bildirilir. Arıçılar vəziyyətdən çıxış yolu kimi dövlət dəstəyinə, xüsusilə də məhsulun vahid mərkəzdən qəbul edilərək xaricə ixracına ümid edirlər.
FED.az xəbər verir ki, uzun illərdir arıçılıqla məşğul olan Pərviz Quluyev deyir ki, təsərrüfatlarında 300-dən çox arı ailəsi var.
Mövsüm ərzində təsərrüfatı üç müxtəlif rayona aparıblar. Məqsəd, tamamilə təmiz, təbii məhsul əldə etməkdir. Lakin bu il satışda ciddi durğunluq müşahidə olunur.
Digər təsərrüfat sahibləri də ildən-ilə məhsullarını satmaqda çətinlik çəkdiklərini bildirirlər.
Məmmədyar Alməmmədov da arıçıdır. Deyir ki, təsərrüfatını əsasən Laçın yaylaqlarına aparır. Bu il o da bol məhsul əldə edib, lakin alıcı tapa bilmir.
Arıçılar Assosasiyasının Bərdə rayon üzrə nümayəndəsi İbad Əfkərov bildirdi ki, bu il arıçıların əldə etdikləri məhsullar Bakıda təşkil edilən yarmarkalarda qismən də olsa satılıb. Arı məhsullarının vahid bir mərkəzdən qəbul edilməsi kimi bir qayda yoxdur. Təsərrüfatçılar bazara çıxışlarında sərbəst olduqları üçün, alıcı və təklif edilən qiyməti də özləri müəyyən edirlər.










