Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") nümayəndə heyətləri arasında videokonfrans formatında növbəti görüş keçirilib.
Eləcə də bax: “Rosselxoznadzor”: Azərbaycandan Rusiyaya kartof göndərilməsinə - Qadağa Qoyula Bilər
FED.az xəbər verir ki, görüşdə Azərbaycandan Rusiyaya ixrac olunan bitkiçilik məhsulları üzərində həyata keçirilən nəzarət tədbirləri və ölkəmizdə fəaliyyət göstərən bitkiçilik təsərrüfatlarından bu ölkəyə ixrac üçün müvafiq icazələrin verilməsində baş verən gecikmə halları müzakirə olunub.
Eyni zamanda Azərbaycandan Rusiyaya ixrac olunan məhsullarda aşkar olunan uyğunsuzluqlara dair bildirişlərin vaxtında göndərilməməsi və bu bildirişlərdə rast gəlinən bir sıra uyğunsuzluqlar qarşı tərəfin diqqətinə çatdırılıb.
Tədbirdə, həmçinin Azərbaycandan Rusiyaya kartof məhsulunun ixracı zamanı iki halda kartofun qonur çürüməsi zərərli orqanizmi, pomidor məhsulunda qonur qırışıqlıq və pepino mozaika viruslarının aşkarlanması ilə bağlı daxil olan bildirişlər, eyni zamanda bu halların araşdırılması istiqamətində görülən tədbirlər müzakirə olunub.
Sonda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti arasında hazırda qarşılıqlı razılaşdırma mərhələsində olan “Pestisidlər və aqrokimyəvi maddələrdən təhlükəsiz istifadə sahəsində əməkdaşlıq haqqında” Saziş layihəsinə dair fikir mübadiləsi aparılıb.