Münbit torpaqları ilə zəngin olan Göyçay rayonu ölkədə tək narı ilə deyil, faraş meyvə-tərəvəz yeişdirilməsinə görə də ön sıralardadır. Sovet dövründə Göyçayın təsərrüfatlarında on min ton pomidor, xiyar və digər tərəvəz məhsulları tədarük olunurdu. Məhsulun tez bir zamanda, itkisiz yığılması və tədarük məntəqələrinə vaxtında təhvil verilməsi isə mövsüm ərzində tam nəzarətdə saxlanırdı. Bir sözlə, kollektiv formada çalışan təsərrüfatlarda mövcud problemlər ümumi bir rəhbərlik tərəfindən həll edilirdi. Üstünlük isə onda idi ki, təsərrüfatlar birləşərək, əkindən tutmuş tədarük prosesinədək yarana biləcək maneələri təkbaşına deyil, kollektiv qaydada dəf edə bilirdi.
Məlum olduğu kimi,faraş tərəvəz yetişdirən təsərrüfatlar daim yeni bazarların axtarışındadır. Öz dadı və keyfiyyəti ilə məşhur olan Azərbaycan pomidoru üçün hələ Sovet dönəmindən ən əlverişlisi Rusiya bazarları olmuşdur. Hər il Rusiya bazarlarına pomidorlarla yüklənmiş avtomobil karvanları yola salınır. Pomidor yetişdirən təsərrüfatların ölkədə getdikcə artması təbii haldır. İldən-ilə isə pomidor ixracatçıları idxalçı ölkələrin məhsulun keyfiyyəti ilə bağlı qoyduğu tələblərlə ayaqlaşmalı olurlar. Nümunə üçün deyək ki, Rusiya bu sırada daha sərt qaydalar tətbiq etməkdədir.
Bu günlərdə Göyçayın Ləkçılpaq kəndində olarkən yerli fermerlərin üzləşdiyi problemlərlə yaxından tanış olduq. Kənddə pomidor yetişdirən xeyli təsərrüfat var. Bu il məhsul da boldur. Sahibkarlar min bir əziyyətlə yetişdirdikləri pomidoru qısa zamanda Rusiya alıcısına çatdırmağı hədəfə almışdılar. Təzə yetişən məhsula şimal qonşularımızda tələbat çox olduğundan pomidorun vaxtında Rusiya bazarlarına göndərilməsi qərara alınmışdı. Təəssüflə deməliyik ki, Ləkçılpaq fermerlərinin arzusu bu il, necə deyərlər, “ürəyində qaldı”. Söhbət zamanı kənd icra nümayəndəsi Aydın Əliyev qeyd etdi ki, bu il məhsul çox və qiymətlər aşağı olduğundan xarab olur. Fermerlər pomidorun 1 kiloqramını artıq 10 qəpiyə də satmağa hazırdır. Rayonda konserv zavod və ya bu sahə üzrə hər hansı emal zavodu da yoxdur ki, xarab olmaqda olan pomidorları tomat pastası hazırlamaq üçün təhvil verək. Problem isə ondadır ki, təsərrüfat sahəsi kiçik olan sahibkarlara məhsula görə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən sertifikat verilmir. Kənddə 95 ha ərazidə faraş məhsul yetişdirən 1300 təsərrüfat var. Fermerlərin əsas gəliri isə tezyetişən pomidordandır. Hazırda dayanmadan yığılarsa, gün ərzində sahələrdən 500 ton pomidor toplamaq mümkündür. Tağlar isə pomidorla doludur. Sertifikatla bağlı Qida Təhlükəsizliyi Agentliyinin rəsmisinə müraciət edilib, cavab isə o olub ki, keyfiyyət sertifikatı 1 hektardan aşağı təsərrüfatlara verilmir. Sahibkarların narazılığından dolayı mövcud problemlərlə bağlı rayon rəhbərliyi də işə qarışıb.
Qeyd edək ki, Ləkçılpaq sahibkarlarının problemi Kənd Təsərrüfatı Nazirliyinə və digər qurumlara da çatdırılıb. Məsələ burasındadır ki, bu gün tez xarab olan kənd təsərrüfatı məhsullarının yük avtomobilləri ilə Rusiya bazarlarına göndərilməsi belə sərhəddəki ləngimələrə görə çox riskli, eyni zamanda nəqliyyat xərcləri sarıdan sərfəli deyil. Məhsulun dəmir yolu ilə daşınması isə həm qiymət, həm də operativlik baxımından əlverişlidir.
Fermer Aydın Kərimovla söhbətdən bəlli oldu ki, Göyçay DAİM-də pomidorun ixracı ilə bağlı dövlət qurumlarının nümayəndələri ilə onlayn müzakirələr aparılıb. Gömrük və dəmiryol daşınması sahəsində çətinliklər olmasa da, sertifikat problemi qalmaqdadır.
Digər bir sahibkar - Əflatun Əbdurəhmanov qeyd etdi ki, bu il 7-8 iri tonnajlı avtomobillə Rusiyaya pomidor göndərsə də, sərhəddəki ləngimələr ucbatından 3 günə mənzil başına çatacaq. Pərişan fermerin hansı maddi və mənəvi sarsıntılar keçirdiyini başa düşmək olar. Kənd Təsərrüfatı Nazirliyinin müvafiq rəsmiləri ilə onlayn müzakirələrdə onlardan kömək uman ləkçılpaqlılar mövcud çətinliklərlə bağlı narazılıqlarını bildiriblər.
Oxşar situasiya isə tək Göyçay fermerlərini məyus etməyib. Hazırda faraş kartof, kələm, meyvələrdən - çiyələk, gilas, alça və digər mövsümi məhsulların ixracında da vaxtaşırı problemlər müşahidə edilməkdədir. Bu o deməkdir ki, fermerlərimiz tək Rusiya bazarlarına ümidləri bağlamamalı, digər bazarların axtarışını gücləndirməli, yerli dövlət qurumları isə sahibkarlara dəstək olmaq üçün öz işlək mexanizmlərini bir qədər də təkmilləşdirməlidirlər.
Ölkənin aqrar sektorunda çalışan insanlara dövlətimiz hərtərəfli qayğı və dəstək göstərirsə, bu dəstəyə hər bir dövlət qurumu qoşulmalı və öz töhfəsini verməlidir.
Ləkçılpaq fermerlərinə isə məsləhətimiz o olardı ki, gələcəkdə kiçik təsərrüfatların kollektiv şəkildə birləşdirilməsi kimi ənənəvi üsula müraciət etsinlər. Təcrübə göstərir ki, aqrar sahədə daha çox səmərə əldə etməyin ən əlverişli üsul və mexanizmlərinə bu gün də ehtiyac var. Necə deyərlər, o zaman problemimiz də az olar, səsimiz də tez eşidilər.(marja)