Qida Təhlükəsizliyi Agentliyi (AQTA) kənd təsərrüfatı heyvanlarının – qoyun-quzu və mal-qaranın birja vasitəsilə satılacağı barədə açıqlamaya ayldınlıq gətirib.
Qurum rəsmilərinin sözlərindən aydın olub ki, Azərbaycanda bu yenilik yaxın vaxtlarda gözlənilmir.
FED.az xəbər verir ki, bu gün keçirilən mətbuat konfransında Agentliyin sədr müavini Əli Nəbiyev etiraf edib ki, heyvanların birjada satılması yalnız onların identifikasiyasından (yəni elektron sistemdə qeydiyyatından) sonra mümkün olacaq. Hələlik ölkədəki heyvanların yalnız bir neçə faizi qeydiyyatdan keçdiyinə görə, birjada satış mümkün deyil.
Onun sözlərinə görə, heyvanların birjada satışı yalnız onların identifikasiyasının plan üzrə başa çatmasından və müvafiq sənədlər qəbul ediləndən sonra mümkün ola bilər.
Əli Nəbiyev xüsusi qeyd edib ki, heyvanların birjada satışı planı, indi mövcud olan heyvan bazarlarının işini dayandırmaq demək deyil. Hazırda heyvan alqı-satqısı ənənəvi bazarlarda əvvəlki qaydada davam edir.














