2021-ci ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi fiziki və hüquqi şəxslərin müraciəti əsasında ölkə ərazisində 169,2 min m3 meşə materialı, 267,2 min ton dənli və dənli-paxlalı bitkilər, yemlər, texniki yüklər, 32,7 min m3 yaş meyvə-tərəvəz, 1 566,7 min m3 istehsal və saxlanma yerləri, 1 247,7 min m2 istixana zərərsizləşdirib.
Eləcə də bax: Aqrar Xidmətlər Agentliyinin tabeliyində şirkət - YARADILIR
FED.az bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, keçirilən fumiqasiya (zərərsizləşdirmə) tədbirləri nəticəsində sahibkarlara məxsus istehsal və saxlanma yerlərində fitosanitar vəziyyət sabitləşib, idxal olunan məhsullarda zərərvericilərin ölkə ərazisinə daxil olmasının və yayılmasının qarşısı alınıb.
Belə ki, ötən il ərzində zərərsizləşdirilərək ixrac olunan məhsullarda alıcı ölkələr heç bir zərərverici aşkar etməyib, bu da yerli məhsulların ixrac potensialının artmasına şərait yaradılıb.
Zərərsizləşdirmə tədbirləri karantin nəzarətində olan məhsulların becərilməsi, tədarükü, saxlanması, daşınması, emalı, satışı, habelə onların idxalı, tranziti və ixracı ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün məcburidir. Tələblərə riayət etməyən şəxslər fitosanitar tədbirlərin pozulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Yüksək toksiki maddələr olduğuna görə qeyri-dövlət fitosanitar xidməti subyektləri tərəfindən fumiqasiya tədbirlərinin aparılmasına yol verilmir.