“Nazirlər Kabinetinin yeni qərarı ilə təsdiqlənmiş “Xüsusi təhlükəli heyvan xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi və ləğvi məqsədilə dövlət büdcəsindən maliyyələşdirilən, dövlət sifarişi ilə göstəriləcək baytarlıq xidmətlərinin Siyahısı” heyvan sağlamlığı sahəsində xidmətlərin təkmilləşdirilməsi məqsədilə atılan addımdır”.
Eləcə də bax: Azərbaycandakı baytarlar və aqronomlar üçün - SƏRFƏLİ TƏKLİF - QAZANC İMKANI
FED.az xəbər verir ki, bu fikirləri Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Mirzə Əliyev deyib. AXA sədri qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin bu ilin aprelində imzaladığı “Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanla Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan baytarlıq məntəqələrinin 2022-ci ilədək mərhələli şəkildə ləğvi nəzərdə tutulur. Yeni qərar dövlət sifarişi əsasında özəl baytarlıq subyektlərinin (hüquqi və fiziki şəxslərin) göstərəcəyi xidmətlərin siyahısını özündə birləşdirir.
“Dövlət xüsusi təhlükəli xəstəliklərlə mübarizə məsuliyyətini öz üzərində saxlayır. Aqrar Xidmətlər Agentliyi ilə müqavilə əsasında baytarlar xüsusi təhlükəli xəstəliklərin diaqnozu, profilaktikası və müalicəsini həyata keçirəcəklər. Bu da həm sərbəst fəaliyyətə başlamış baytarların fəaliyyətinə dəstək olacaq, həm də daha çox baytar mütəxəssislə işləməyə imkan verdiyindən xidmətlərin keyfiyyətli icrasını təmin edəcək”, - deyə AXA sədri vurğulayıb.
Mirzə Əliyev əlavə edib ki, növbəti addım olaraq AXA ilə baytarlıq subyektləri arasında bağlanacaq müqavilənin nümunəsi təsdiqlənəcək. Bundan başqa, baytarlıq subyektlərinin fəaliyyətini əlaqələndirmək məqsədilə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) onların qeydiyyatını və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinin elektron qaydada izlənilməsini təmin edən Baytarlıq Xidmətləri Monitorinqi altsistemi formalaşdırılacaq.