Kənd Təsərüffatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzi (ATM) 2020-ci ili 953 min manat zərərlə başa vurub. Halbuki, Mərkəz 2019-cu ildən 701 min manat mənfəətlə çıxmışdı.
Eləcə də bax: Aqrar sığortada rekord göstəricilər qeydə alınıb – 9 AYIN NƏTİCƏLƏRİ AÇIQLANDI
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, ötən il ATM-in ümumi gəlirləri 1,155 milyon manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 3,6 dəfə azdır. Bunun 867 min manatı qeyri-birja əməliyyatlarının hesabına əldə olunub, yəni dövlət büdcəsindən ayırmalardır. Bu isə illik müqayisədə 4,4 dəfə azdır. Bundan başqa, qurum birja əməliyyatlarının hesabına 271 min manat (17,6% az), digər əməliyyatların hesabına isə 17 min manat (3,4 dəfə çox) gəlir əldə edib.
2020-ci ildə ATM-in ümumi xərcləri isə 2,109 milyon manat təşkil edib ki, bu da 2019-cu ilə nisbətən 39,1% azdır. O cümlədən Mərkəzin insan resursları üzrə xərcləri 2,3% artaraq 1,46 milyon manat, amortizasiya və köhnəlmə xərcləri 11,5 dəfə artaraq 551 min manat, fəaliyyət üzrə xərcləri 20,9 dəfə azalaraq 95 min manat olub, eləcə də 2 min manat digər xərcləri yaranıb.
Bu il yanvarın 1-nə ATM-in aktivləri 2,885 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 30,2% azdır. Hesabat dövründə qurumun öhdəlikləri 26,1% azalaraq 842 min manata, balans kapitalı isə 31,8% azalaraq 2,042 milyon manata düşüb, o cümlədən 1 milyon manatlıq nizamnamə kapitalı formalaşdırılıb.
Xatırladaq ki, ATM 1962-ci ildən fəaliyyət göstərən Kənd Təsərrüfatı İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutunun bazasında yaradılıb. Bu institusional islahatın məqsədi 60 ilə yaxın tarixi olan tədqiqat qurumunu, ölkədə həyata keçirilən aqrar islahatların müasir mərhələsinin tələbləri, habelə qlobal çağırışlar əsasında aqrar siyasətin daha da təkmilləşdirilməsi məqsədilə zəruri elmi əsaslandırmanı və analitik bazanı təmin edən “beyin mərkəzi” kimi yenidən formalaşdırmaqdır.