Azərbaycanda dövlət dəstəyi ilə güzəştli şərtlərlə tətbiq edilən aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək.
Nazir müavini: "Aqrar sığortanın əhatə dairəsi artır"
FED.az xəbər verir ki, bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulur. Proqrama əsasən, dövlət dəstəkli aqrar sığorta mexanizminin əhatə dairəsi və əhatə etdiyi risklərin sayı daha da genişləndiriləcək. Nəticədə aqrar sığortanın əhatə etdiyi əkin sahələri 2025-ci ildəki 386 min hektardan 2030-cu ildə 1 milyon hektaradək genişlənəcək.
Bundan başqa, Proqrama əsasən, aqrar sığorta mexanizminin əhatə etdiyi kənd təsərrüfatı heyvanlarının sayı indiki 7 min başdan 2030-cu ildə 100 min başa qaldırılacaq.
Xatırladaq ki, Aqrar Sığorta Fondu və dövlət aqrar sığorta mexanizmi 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 avqust 2019-cu il tarixli fərmanı ilə yaradılıb. Hazırda aqrar sığorta mexanizmi 41 növ bitki və bitkiçilik məhsullarını, iri və xırdabuynuzlu heyvanları, eləcə də balıqçılıq sahəsinə aid təsərrüfatları 30-dək riskdən qoruyur.
Fəaliyyətə başlayandan indiyədək Aqrar Sığorta Fondu tərəfindən fermer və təsərrüfatlara 23 milyon manat sığorta zərər ödənişi edilib. Bu məbləğin 19,5 milyon manatı əkin sahələrinə, 3,5 milyon manatı isə heyvandarlıq təsərrüfatlarına dəymiş zərərlər üzrə ödənilib. Proqrama əsasən, kənd təsərrüfatında iqlim və bazar risklərinin artması aqrar sığorta mexanizmlərinin genişləndirilməsini və risklərin idarə olunması sisteminin təkmilləşdirilməsini zəruri edir.
Qarşıdakı illərdə aqrar sığortanın əhatə dairəsinin daha da genişləndirilməsi gözlənilir. Bu məqsədlə aqrar sığorta mexanizmi çərçivəsində təminat verilən sığorta predmetlərinin və risklərin tərkibinin bitkiçilik, heyvandarlıq və balıqçılıq üzrə genişləndirilməsi istiqamətində təkliflər hazırlanacaq. Bundan əlavə, “Aqrar sığorta” informasiya sisteminin funksional imkanlarının genişləndirilməsi, müstəqil aqrar sığorta ekspertləri institutunun inkişaf etdirilməsi nəzərdə tutulur.
Atılacaq addımlar nəticəsində aqrar sığorta xidmətlərinin tam elektronlaşdırılması təmin ediləcək, fermerlərin sığortaya əlçatanlığı artacaq, sığorta ödənişlərinin operativliyi təmin ediləcək. Bundan başqa, aqrar sığorta haqlarının dövlət hesabına ödənilən hissəsinin subyektlərə, predmetlərə və risklərə münasibətdə diferensiallaşdırılması nəzərdə tutulur. Bu məqsədlə dövlət dəstəyinin diferensiallaşdırılması üzrə beynəlxalq təcrübənin öyrənilməsi və aqrar sahədə diferensiallaşdırılmış sistemə keçidə başlanılması gözlənilir.
Xatırladaq ki, Aqrar Sığorta Fondu tərəfindən indiyədək həyata keçirilən tədbirlər nəticəsində fermerlərin aqrar sığortaya əlçatanlığı artırılıb. Hazırda istənilən fermer rəqəmsal imkanlardan istifadə etməklə, olduğu yeri tərk etmədən əkin sahəsini və ya təsərrüfatını sığortalaya, eləcə də “ASAN Pay” ödəniş sistemi vasitəsilə sığorta haqqını ödəyə bilər.
Aqrar Sığorta Fondu fermer və təsərrüfatları dövlətin yaratdığı sərfəli imkanlardan, o cümlədən rəqəmsal əlçatanlıqdan istifadə etməyə və öz məhsullarını sığortalamağa çağırır. Aqrar sığorta məhsulları, əkinlərin və heyvanların sığortalanması şərtləri, eləcə də sığorta haqları barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindən, həmçinin 1651 Çağrı Mərkəzinə müraciət etməklə almaq mümkündür.














