"2021-ci ilin oktyabr-noyabr aylarında aqrar sığorta üzrə sığorta risklərinin siyahısı genişlənəcək. Bununla bağlı layihə artıq Nazirlər Kabinetindədir.
Eləcə də bax: Subsidiya alınması üçün sığortalanacaq bitkilərin - SİYAHISI TƏSDİQLƏNDİ
FED.azz xəbər verir ki, bu sözləri Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov deyib.
F.Sadıqov siyahıya əlavə ediləcək risklərdən bir neçəsinin adını sadalayıb:
"Artıq risklərin siyahısına dolu, qasırğa, zəlzələ, torpaq sürüşməsi kimi risklərlə yanaşı donvurma riskini əlavə edirik. Donvurma meyvə istehsalçılarımızın ən qorxduğu məsələdir. Risklərin əhatə dairəsinin genişləndirilməsi məsələsi bir aya Baş nazir tərəfindən təsdiqlənəcək. Düşünürük ki, oktyabr ayında risklərlə bağlı yeni siyahı təqdim edəcəyik. Yəqin ki, 2025-2026-cı illərdə bu siyahıya quraqlıq riskinin də əlavə edilməsini düşünəcəyik ki, dəmyə ərazilərə də təminat verək.
Bizim risk və predmetlər barədə bütün qərarlarımız Baş nazir tərəfindən təsdiqlənir. Qərarlarımız dövlət qurumları ilə razılaşdırılır. Dediyimiz layihə artıq bütün razılaşdırmalardan keçib və Nazirlər Kabinetində imzadadır. Son razılaşdırma əldə olunduqdan sonra biz həmin siyahını təsdiqləyəcəyik".
Onun sözlərinə görə, genişləndirilmiş siyahıya heyvandarlıq sahəsi üzrə risklər də əlavə edilib. Biz heyvanlarda da bu yanaşmanı tətbiq edirik ki, risklərin əhatəsi genişlənsin. Artıq risk siyahısına yoluxucu xəstəliklərlə bağlı adi xəstəlikləri də salacağıq. Bununla yanaşı damazlıq funksiyasının itirilməsi təminatını salacağıq. Məsələn, heyvan hər hansı xəstəlik nəticəsində damazlıq funksiyasını itirib və bala verə bilmir. Bu zaman fermer onu məcburi kəsimə yollayacaq. Tutalım, heyvanın qiyməti 5 min manatdır və fermer onu məcburi kəsimə göndərib 3 min manat götürəcək. Bu zaman biz də ona 2 min manat ödəyəcəyik ki, yeni heyvan gətirsin və istehsalın davamlılığı təmin olunsun", - deyə F.Sadıqov bildirib. (Report)