Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər üçün Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda test imtahanı keçirilib.
Güclü külək təsərrüfatlara ciddi ziyan vurub - Aqrar Sığorta Fonduna 1200 müraciət edilib
FED.az Dövlət İmtahan Mərkəzinə istinadən bilririr ki, imtahanda 43 nəfər iştirak edib. 19 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb. 13 nəfər kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının sığortası, 6 nəfər isə kənd təsərrüfatı heyvanlarının və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə müstəqil ekspert sertifikatı əldə edib.
Xatırladaq ki, Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta sistemində aqrar sığorta ekspertləri mühüm yer tutur. Ekspertlər sığortalanan təsərrüfatlara baxış keçirir, eləcə də sığorta hadisəsi baş verdikdə səbəbini araşdırır və zərəri hesablayırlar.
Təsərrüfatlarının sığortalanması və zərərin ödənilməsi ilə bağlı qərarlar müstəqil aqrar sığorta ekspertlərinin rəyi ilə qəbul edilir. Bu xidmətlərə görə ekspertlərə xidmət haqqı və yol pulu ödənilir. Xidmət haqları hesabına Azərbaycanda aqrar sığorta ekspertlərinin aylıq gəlirləri 1000-2000 manatdan başlayır.
Son illər Azərbaycanda aqrar sığortaya marağın böyüməsi – sığortalanan təsərrüfatların sayının kəskin artması, eləcə də iqlim dəyişiklikləri nəticəsində sığorta hadisələrinin çoxalması ilə aqrar sığorta ekspertlərinə tələbat da yüksəlib.
İmtahanda uğurlu nəticə göstərən şəxslərə müstəqil aqrar sığorta eksperti statusu və müvafiq sertifikat veriləcək. Həmin ekspertlər Azərbaycan Mərkəzi Bankının müvafiq reyestrinə daxil edilərək fəaliyyətə başlayacaqlar.