Aqrar Sığorta Fondunun (ASF) rəhbərliyi Bakı Dövlət Universitetində (BDU) müəllim və tələbə heyəti ilə görüşüb.
Azərbaycanda quşçuluq təsərrüfatlarının sığortasına - HAZIRLIQ BAŞLAYIB
Fonddan FED.az-a bildirilib ki, ASF-nin rəhbərliyi ilə yanaşı, müxtəlif struktur bölmələrinin və müstəqil aqrar sığorta ekspertlərinin də iştirak etdiyi görüşdə universitet tələbələri Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta sisteminin işi və əhəmiyyəti, eləcə də bu sahədəki iş və əməkdaşlıq imkanları barədə məlumatlandırılıb.
Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov BDU-da tədris, məzunların aqrar sığorta sisteminə cəlb edilməsi məsələləri barədə fikirlərini bölüşüb. Son illər dünyadakı iqlim dəyişikliklərin Azərbaycana təsirini qeyd edən F.İmanov bildirib ki, ölkəmizdə kənd təsərrüfatının inkişafı iqlim amillərindən çox asılıdır və bu təsirlərin qarşısını almaq üçün aqrar sığorta səmərəli alətlərdən biridir.
Aqrar Sığorta Fondunun idarə heyətinin üzvü Roman Əmircanov ölkədə yeni yaranan aqrar sığorta mexanizminin iş prinsipi, əhəmiyyəti, kənd təsərrüfatına dövlət dəstəyində Fondun rolu barədə danışıb. Bildirib ki, aqrar sığorta sistemində BDU-nun müvafiq ixtisaslarda təhsil alan tələbələri ilə də əməkdaşlıq imkanları var.
ASF-nin ekspertlərlə iş şöbəsinin rəhbəri Əkbər Məmmədli müstəqil aqrar sığorta ekspertlərinin fəaliyyəti, ekspert sertifikatı almaq üçün tələb olunan təlim və imtahan prosedurları, eləcə də ekspertlərin əməyinin qiymətləndirilməsi üsulundan bəhs edib. Bildirilib ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən peşə, orta ixtisas, bakalavr və magistr səviyyələrində təhsil almış 70-ə yaxın ixtisas sahibi müstəqil aqrar sığorta eksperti ola bilər. Bunun üçün ASF-də təşkil olunan təlimlərdə iştirak etmək, daha sonra Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahandan keçmək lazımdır.
Diqqətə çatdırılıb ki, müstəqil aqrar sığorta ekspertləri kənd təsərrüfatında risklərin və zərərlərin qiymətləndirilməsi ilə məşğuldurlar. Bu xidmət ödənişlidir, ekspertlərə xidmət haqqı və yol pulu ödənişləri edilir. Nəticədə aqrar sığorta eksperti kimi çalışan mütəxəssislər aylıq orta hesabla 1000-2000 manat məbləğində əlavə gəlir əldə edə bilirlər.
Görüşdə BDU-nun tətbiqi riyaziyyat və mexanika riyaziyyat ixtisaslarında təhsil alan tələbələrə sığorta sektorunda böyük tələbat olan aktuari peşəsi haqqında geniş məlumat verilib və tələbələr bu sahədə əməkdaşlığa dəvət edilib.
Müstəqil aqrar sığorta eksperti İsa İbrahimli ekspert fəaliyyəti, onun xüsusiyyətləri, bu sahədə peşəkarlıq tələbləri barədə tələbələrə geniş məlumat verib.
Aqrar Sığorta Fondunun təqdimatları tələbələrin və müəllim heyətinin böyük marağına səbəb olub. Fond nümayəndələri mövzu ilə bağlı tələbələrin çoxsaylı suallarını cavablandırıb, onları əməkdaşlığa dəvət edib.
Tədbirdə Bakı Dövlət Universitetinin Biologiya, Ekologiya və torpaqşünaslıq, Geologiya, Coğrafiya, Tətbiqi riyaziyyat və Mexanika riyaziyyat fakültələrinin tələbə və müəllim heyəti iştirak edib.