Aqrar Sığorta Fondu və Azərbaycan Respublikasının Kosmik Agentliyi - “Azərkosmos”un İdarə heyətlərinin sədrləri Fuad Sadıqov və Saməddin Əsədov sığorta mexanizmində səmərəliliyin daha da artırılması məqsədilə əməkdaşlıq memorandumu imzalayıblar.
Əkin sahələrinin sığortası zamanı sığorta haqqı necə hesablanır? – HESABLAMA, VİDEO
Fonddan FED.az-a bildirilib ki, sənəddə peyk vasitəsilə əkin sahələrində quraqlıq, daşqın və iqlimlə bağlı digər fəlakətlər zamanı kənd təsərrüfatı sahələrinin üzləşəcəyi riskləri izləmək və monitorinqi sahəsində əməkdaşlığı nəzərdə tutur.
İmzalanma mərasimində bildirilib ki, dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi 48 növ bitki məhsulunu sığortalamağa imkan verir ki, bu da respublikadakı əkin sahələrinin 95 faizinin sığortalanması imkanı deməkdir.
Vurğulanıb ki, hazırda Azərbaycanda ümumi sahəsi 1,8 milyon hektar olan əkin sahələrinin 410 min hektarı aqrar sığorta vasitəsilə müxtəlif risklərdən sığortalanır. Bura, ilk növbədə, təbiət hadisələri - dolu, sel-subasma, leysan yağışları, qasırğa-fırtına və sair aiddir. Qarşıdakı dövrdə sığortalı əkin sahələrinin artacağını nəzərə aldıqda, bu ərazilərə effektiv nəzarətin xüsusi əhəmiyyəti var. Ölkəmizdə mövcud olan müasir peyk texnologiyaları və “Azərkosmos”un imkanları əkin sahələrində baş verən bütün prosesləri, o cümlədən həyata keçirilən işləri və təbiət hadisələrini monitorinq etməyə imkan verir. Bu da əkin sahələrinə müxtəlif hadisələr nəticəsində dəymiş zərərləri vaxtında və sürətli qiymətəndirməyə, fermerlərə sığorta ödənişlərini daha da sürətləndirməyə şərait yaradır. Əməkdaşlıq sayəsində əkin sahələrinin məsafədən müşahidəsi və coğrafi informasiya həlləri və bitki örtüyü indekslərindən istifadə etməklə əkin sahələrində monitorinqin icrası, məhsuldarlıq proqnozlarının əldə edilməsi və hər hansı fəlakətlər zamanı dəymiş zərərin qiymətləndirilməsi mümkün olacaq. Aqrar sektorun sığortası ilə kosmik həllərin birgə istifadəsi təkcə sığortaçılara fayda vermir, həm də bütövlükdə kənd təsərrüfatı sektorunun dayanıqlığını və maliyyə itkilərindən qorunmasını dəstəkləyir.
Qeyd edək ki, Azərbaycanda aqrar sığorta dövlət dəstəyi ilə təqdim edilir - sığorta haqqının 50 faizini fermerlərə dəstək üçün dövlət özü ödəyir. Nəticədə fermerlər cüzi ödəniş etməklə təsərrüfatlarını çoxsaylı risklərdən sığorta edə bilirlər.
Aqrar Sığorta Fondunun fəaliyyəti və aqrar sığorta şərtləri barədə daha ətraflı məlumatı Fondun rəsmi internet səhifəsindən əldə etmək mümkündür.