Türkiyədə səfərdə olan Fondun nümayəndə heyəti TARSİM-də bir sıra görüşlər keçirib
FED.az xəbər verir ki, Azərbaycanda aqrar sığorta mexanizminin fəaliyyətinin daha da təkmilləşdirilməsi, bu sahədə Türkiyə təcrübəsinin və yeniliklərin öyrənilməsi məqsədilə Aqrar Sığorta Fondunun nümayəndə heyəti qardaş ölkədə səfərdədir.
Əkin sahələrinin sığortası zamanı sığorta haqqı necə hesablanır? – HESABLAMA, VİDEO
Aqrar Sığorta Fondunun İdarə Heyəti sədrinin müavini Ləman Alıyeva-Məmişovanın rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə kənd təsərrüfatlarının sığortalanmasını həyata keçirən Tarım Sığortaları Sistemi - TARSİM təşkilatında görüşlər keçirib.
Görüşlər zamanı kənd təsərrüfatı bitkilərinin sığortalanması ilə bağlı müzakirələr aparılıb, bu sahədə TARSİM təcrübəsinin öyrənilməsi diqqət mərkəzində olub.
Tərəflər aqrar sığorta müqavilələrinin bağlanması, sığorta hadisələrinin tənzimlənməsi, sığorta ödənişlərinin daha sürətli həyata keçirilməsi, əkin sahələrinə dəyən zərərlərin qiymətləndirilməsi ilə bağlı Türkiyə təcrübəsinin öyrənilməsi ətrafında fikir mübadiləsi aparıblar. Görüşlərdə müstəqil aqrar sığorta ekspertləri institutunun təkmilləşdirilməsi, ekspertlərlə işin qurulması, ekspertlərin göstərdiyi xidmətlərin keyfiyyətinə nəzarət məsələlər də müzakirə olunub.
Bildirilib ki, sığorta hadisələrinin araşdırılması və tənzimilənməsi prosesində istifadə olunan prosedurların bir hissəsi Türkiyədə elektronlaşdırılıb. Türkiyədə bəzi proseslər, o cümlədən təbiət hadisələrinin araşdırılması üzrə meteoroloji məlumatlar onlayn qaydada izlənilir və bu məlumatların alınması canlı rejimdə həyata keçirilir.
Xatırladaq ki, Azərbaycanda 2020-ci ildən fəaliyyətə başlayan və dövlət dəstəyi ilə təqdim edilən aqrar sığorta mexanizmi Türkiyə Respublikasının TARSİM-in təcrübəsi və dəstəyi ilə yaradılıb.
Hazırda Aqrar Sığorta Fondu vasitəsilə 41 bitki növü üzrə 48 bitki məhsulunu çoxsaylı risklərdən sığortalamaq mümkündür ki, bu da ölkə üzrə əkin sahələrinin 96%-ni əhatə edir.
Aqrar sığorta zamanı hesablanmış sığorta haqqının 50%-i fermerlərə dəstək məqsədilə dövlət tərəfindən ödənilir. Nəticədə fermerlər cüzi məbləğ ödəməklə təsərrüfatlarını sığorta edə bilirlər. Aqrar sığorta əkin sahələrini təbii fəlakətlər, dolu, qasırğa, fırtına, leysan yağışları, 3-cü şəxslərin hərəkəti, yanğın, vəhşi heyvanların hücumu və sair risklərdən sığortalayır.
Aqrar sığortadan faydalanan fermerlərin sayı sürətləartmaqdadır. İndiyədək Aqrar Sığorta Fondu tərəfindən fermer və təsərrüfatlara ödənilən sığorta ödənişləri 10 milyon manatı keçib.
Aqrar sığortanın əhatə etdiyi məhsullar və risklər, eləcə də sığorta haqları barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun www.asf.gov.az rəsmi internet səhifəsindən və səhifədəki “Bitkiçilik sığortası kalkulyatoru” və “Heyvandarlıq sığortası kalkulyatoru” vasitəsilə əldə etmək mümkündür. Fermerlər həmçinin Fondun 1651 çağrı mərkəzinə zəng etməklə, aqrar sığorta barədə məlumat ala, təsərrüfatlarını sığortalaya bilərlər.