Aqrar Sığorta Fondu son günlər ölkədə müşahidə edilən qeyri-sabit hava şəraiti ilə bağlı fermerlərə və kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan sahibkarlara müraciət edib.
Fonddan FED.az-a bildirilib ki, son günlər respublikanın bəzi bölgələrində baş verən kənkin temperatur dəyişmələri, qar, dolu, aramsız yağışların yağması əkin sahələrinə və təsərrüfatlara da zərər vurub.
Bəzi ərazilərdə su əkin sahələrini yuyub-aparıb, əkin sahələri və meyvə bağları isə aşağı temperatur şəraiti ilə üzləşiblər.
Belə təbiət hadisələri insanların həyat şəraitinə müvəqqəti çətinliklər yaratmaqla yanaşı, əkin sahələrinə də zərər vurur, fermerləri və təsərrüfatları gözlənilən gəlirlərdən məhrum edir. Nəticədə təsərrüfatların gəlirləri kəskin azalır, hətta bəzi hallarda biznesin tamamilə itirilməsi təhlükəsi yaranır.
Fond bildirir ki, Azərbaycanda ilk dəfə tətbiq edilən dövlət dəstəkli aqrar sığorta mexanizmi ölkəmizdə fermerlərin əziyyət çəkdiyi və zərərlə üzləşdiyi bütün növ əsas təbiət hadisələrindən qorunmağa imkan verir.
Hazırda qüvvədə olan aqrar sığorta qaydalarına əsasən əkin sahələrini təbii fəlakət, qasırğa, fırtına, dolu, bitki xəstəlikləri, ziyanvericilər və üçüncü şəxslərin hərəkətlərindən və sair risklərdən qorumağa imkan verir.
Fermerlər olduqca aşağı məbləğdə aqrar sığorta haqqı müqabilində əkin sahələrini bu risklərdən sığortalaya bilərlər. Bu halda hesablanan sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir.
Aqrar Sığorta Fondu fermerləri və iş adamlarını təbiətin şıltaqlıqları və digər sığorta hadisələrindən qorunmaq üçün əkin sahələrini və kənd təsərrüfatını sığortalamağa çağırır.
Əkin sahələrini sığorta etmək istəyən fermerlər və sahibkarlar Aqrar Sığorta Fonduna (telefon 1651) və aqrar sığorta sistemində iştirak edən sığorta şirkətlərinə müraciət edə bilərlər.