Aqrar sığorta mexanizmi barədə əhalinin maarifləndirilməsi, üstünlükləri və faydaları barədə məlumat verilməsi məqsədilə Aqrar Sığorta Fondunun rəhbərliyi regionlarda fermer və iş adamları ilə görüşləri davam etdirir.
Eləcə də bax: Aqrar Sığorta Fondu Balakən və Zaqatalada fermerlərlə – GÖRÜŞLƏR KEÇİRİB
Fonddan FED.az-a verilən məlumata görə, aprelin 1-də Gədəbəy və Şəmkir rayonlarında Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM) və yerli icra hakimiyyətlərinin dəstəyi ilə fermer və aqrar sahədə çalışan sahibkarlarla görüşlər keçirilib.
Görüşlərdə aqrar sığorta mexanizminin iş prinsipi, əhatə etdiyi risklər, sığortalanan bitki və məhsullar, eləcə də, sığorta tarifləri barədə geniş məlumat verilib.
Fermerlərin və iş adamlarının böyük marağına səbəb olan görüşlərdə onların çoxsaylı sualları cavablandırılıb. Görüşlərdə bildirilib ki, ölkədə aqrar sektorun inkişafına dəstək, fermerlərin risklərinin qarşılanması məqsədilə 2019-cu ildə “Aqrar sığorta haqqında” qanun qəbul edilib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə Aqrar Sığorta Fondu yaradılıb.
Hazırda aqrar sığorta vasitəsilə südlük inək və camışları (1-7 yaş), 14 növ bitki növünü (bağda, arpa, qarğıdalı, kartof, çəltik, üzüm, limon, naringi, portağal, fındıq, şəkər çuğunduru, tütün, pambıq), eləcə də balıqları sığortalamaq mümkündür.
Dövlət tərəfindən fermerlərə dəstək olaraq, aqrar sığorta haqlarının 50%-i dövlət tərəfindən ödənilir. Nəticədə fermerlər kiçik məbləğ ödəməklə öz təsərrüfatlarını ən vacib risklərdən qoruya bilirlər.
Yerli icra hakimiyyətlərinin məsul nümayəndələrinin də qatıldığı görüşlərdə fondun rəhbərliyi və nümayəndələri xüsusilə Gədəbəy və Şəmkir bölgəsində geniş becərilən taxıl, kartof, üzüm bitkilərinin, eləcə də heyvanların sığortalanması şərtləri və detalları, sığorta haqları barədə ətraflı məlumat verib.
Fermerlər kartof, taxıl və mal-qaranın sığortalanmasının detalları, əhatə etdiyi risklər, sığorta hadisəsi baş verəcəyi təqdirdə ödəniş prosesinin hansı formada həyata keçiriləcəyi ilə maraqlanıblar. Onlara bildirilib ki, sığorta hadisəsi zamanı bütün lazımi prosedurlar həyata keçirildikdən və sənədlərin təqdim edilməsindən sonra 7 gün ərzində sığorta ödənişi zərərçkənin hesabına köçürülür.
Görüşdə fermerlərə məlumat verilib ki, qanunvericiliyə əsasən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş əkin sahələri və kənd təsərrüfatı heyvanları sığortalanır.
Toplantılarda fermerlər və iş adamları aqrar sığortanın əhatə dairəsinin daha da genişləndirilməsini, buraya yonca, soğan və digər bitkilərin, eləcə də arı ailələrinin daxil edilməsini təklif ediblər. Aqrar Sığorta Fondunun rəhbərliyi bildirib ki, hazırda aqrar sığorta mexanizmi bitkiləri və heyvanları ən vacib risklərdən və təbiət hadisələrindən qoruyur. Qarşıdakı aylarda isə həm sığortalanan məhsulların, həm də əhatə edilən risklərin siyahısının genişlənməsi nəzərdə tutulur. Belə ki, artıq bir sıra meyvə-tərəvəz bitkiləri, eləcə də xırda buynuzlu heyvanların da aqrar sığorta vasitəsilə sığortalanması barədə qanunvericiliyə dəyişikliklər hazırlanır. Fermerlərə bildirilib ki, əkinlərini və təsərrüfatını sığorta etmək istəyənlər birbaşa Aqrar Sığorta Fonduna və ya bölgələrdə fəaliyyət göstərən və aqrar sığorta sistemi ilə əməkdaşlıq edən özəl sığorta şirkətlərinin filiallarına müraciət edə bilərlər.
Xatırladaq ki, Aqrar Sığorta Fondunun bölgələrdə keçirdiyi görüşlərdə məqsəd fermerlərin aqrar sığorta barədə məlumatlandırılması ilə yanaşı, onlardan fəaliyyətlərində qarşılaşdıqları və bölgə üçün xarakterik risklər barədə məlumatların toplanmasıdır. Bu görüşlərin nəticəsində toplanan məlumatlar təhlil edilərək Fondun gələcək fəaliyətində, o cümlədən aqrar sığortanın əhatə etdiyi risklərin genişləndirilməsində istifadə ediləcək.