Aqrar Sığorta Fondu Bakı Dövlət Universitetinin müəllim və tələbə heyəti ilə görüş keçirib
Aqrar Sığorta Fondunda arıçılıq təsərrüfatlarının sığortası üzrə - MÜZAKİRƏLƏR APARILIB
FED.az xəbər verir ki, fevralın 27-də Bakı Dövlət Universitetində Aqrar Sığorta Fondu ilə Universitetin müəllim və tələbə heyəti ilə görüş keçirlib.
Aqrar Sığorta Fondunun rəhbərliyinin, müxtəlif strkutur bölmələrinin və müstəqil aqrar sığorta ekspertlərinin də iştirak etdiyi görüşdə Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta sisteminin işi və əhəmiyyəti, eləcə də bu sahədəki iş və əməkdaşlıq imkanları barədə universitet tələbələri məlumatlandırılıb.
Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov BDU-da tədris, universitet məzunlarının imkanları, məzunların aqrar sığorta sisteminə cəlb edilməsi və sair məsələ barədə fikirlərini bölüşüb. Son illər dünyadakı iqlim dəyişikliklərin Azərbaycana təsirini qeyd edən F.İmanov bildirib ki, ölkəmizdə kənd təsərrüfatının inkişafı iqlim amillərindən çox asılıdır və bu təsirlərin qarşısını almaq üçün aqrar sığorta effektiv alətlərdən biridir.
Aqrar Sığorta Fondunun idarə heyətinin üzvü Roman Əmircanov Azərbaycanda ölkədə yeni yaranan aqrar sığorta mexanizminin iş prinsipi, əhəmiyyəti, kənd təsərrüfatına dövlət dəstəyində Aqrar Sığorta Fondunun rolu barədə məlumat veriib. R.Əmircanov bildirib ki, aqrar sığorta sistemində BDU-nun müvafiq ixtisaslarda təhsil alan tələbələri ilə də əməkdaşlıq imkanları var.
Qeyd edək ki, tədbirdə Bakı Dövlət Universitetinin Biologiya, Ekologiya və torpaqşünaslıq, Geologiya, Coğrafiya, Tətbiqi riyaziyyat və Mexanika riyaziyat fakültələrinin tələbə və müəllim heyəti iştirak edib.
Aqrar Sığorta Fondunun ekspertlərlə iş şöbəsinin rəhbəri Əkbər Məmmədli müstəqil aqrar sığorta ekspertlərinin fəaliyyəti, ekspert sertifikatı almaq üçün tələb olunan təlim və imtahan prosedurları, eləcə də ekspertlərin əməyinin qiymətləndirilməsi üsulu barədə məlumat verib.
Bildirilib ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən peşə, orta ixtisas, bakalavr və magistr səviyələrində təhsil almış 70-ə yaxın ixtisas sahibi müstəqil aqrar sığorta eksperti ola bilər. Bunun üçün ASF-də təşkil olunan təlimlərdə iştirak etmək, daha sonra Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahandan keçmək lazımdır.
Tədbirdə bildirilib ki, müstəqil aqrar sığorta ekspertləri kənd təsərrüfatında risklərin və zərərlərin qiymətləndirilməsi ilə məşğuldurlar. Bu xidmət ödənişlidir - ekspertlərə xidmət haqqı və yol pulu ödənişləri edilir. Nəticədə aqrar sığorta eksperti kimi çalışan mütəxəssislər aylıq orta hesabla 1000-2000 manat məbləğində əlavə gəlir əldə edə bilirlər.
Görüşdə BDU-nun tətbiqi riyaziyyat və mexanika riyaziyat ixtisaslarında təhsil alan tələbələrə sığorta sektorunda böyük tələbat olan aktuari peşəsi haqqında geniş məlumat verilib və tələbələr bu sahədə əməkdaşlığa dəvət olunub.
Tədbirdə iştirak edən müstəqil aqrar sığorta eksperti İsa İbrahimli ekspert fəaliyyəti, onun xüsusiyyətləri, bu sahədə peşəkarlıq tələbləri barədə tələbələrə geniş məlumat verib.
Aqrar Sığorta Fondunun təqdimatları tələbələrin və müəllim heyətinin böyük marağına səbəb olub. Fond nümayəndələri mövzu ilə bağlı tələbələrin çoxsaylı suallarını cavablandırıb, onları əməkdaşlığa dəvət edib, tələbələrə Fondun gətirdiyi hədiyyələr təqdim olunub.