Azərbaycanda ilk dəfə olaraq dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi çərçivəsində müstəqil ekspertlərin hazırlanması üzrə növbəti təlimlərə başlanılıb.
Xatırladaq ki, müstəqil aqrar sığorta ekspertlərinin hazırlanması prosesi 3 mərhələdən ibarətdir. Namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən 2 test imtahanında iştirak etməli və Aqrar Sığorta Fondunun ekspertlərinin təşkil etdiyi təlimlərdə iştirak etməlidirlər.
Artıq heyvandarlıq ixtisası üzrə ilk test imtahanından uğurla keçən namizədlər təlimləri başa vurublar. İyulun 26-da isə fondda bitkiçilik ixtisası üzrə namizədlərin təlimlərinə start veriləcək.
Qeyd edək ki, aqrar sığorta ekspertləri baytar, aqronom və əlaqəli ixtisaslardan olan namizədlərdən ola bilər.
Yeni tətbiq edilən aqrar sığorta mexanizmində mühüm yer tuturlar. Əkin sahələrinin, kənd təsərrüfatı heyvanlarının və balıqların sığortalanması zamanı ekspertlərin rəyi nəzərə alınır. Eləcə də, sığorta hadisəsi baş verərkən hadisəni araşdırmaq və dəymiş zərəri qiymətləndirmək də müstəqil ekspertlərin vəzifəsinə aiddir.
Müstəqil aqrar sığorta ekspertlərinin xidmətləri ödənişlidir – göstərdikləri xidmət müqabilində onlara Aqrar Sığorta Fondu tərəfindən xidmət haqqı, eləcə də təsərrüfatlara baxış üçün qət etdikləri məsafəyə görə yanacaq pulu verilir.
Aqrar sığorta mexanizmi inkişaf etmiş ölkələrdə müstəqil aqrar sığorta eksperti peşəsi olduqca gəlirli fəaliyyət sahəsi sayılır.
Xatırladaq ki, hazırda aqrar sığorta mexanizmi çərçivəsində 14 bitki növü, südlük inəklər və balıqçılıq təsərrüfatları sığortalanır.
Fermerlər və təsərrüfat sahibləri payızlıq taxıl əkinlərini avqustun sonundan başlayaraq sığoortalaya bilərlər.
Fermerlər və iş adamları öz əkin sahələri üzrə sığorta haqqının məbləğini Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində yerləşdirilmiş «Bitkiçilik kalkulyatoru» (https://asf.gov.az/insurance-calculators/crop-insurance) vasitəsilə sərbəst şəkildə hesablaya bilərlər.
Fermer sığorta haqqının yalnız 50%-i ödəyir, məbləğin qalan 50%-i fermerlərə dəstək üçün dövlət ödəyir.