Azərbaycanda dövlət dəstəyi ilə təqdim edilən aqrar sığortadan faydalanan fermer və təsərrüfatların sayı artmaqdadır.
FED.az xəbər verir ki, Aqrar Sığorta Fondu tərəfindən Ağsu və İsmayıllı rayonlarında müxtəlif hadisələr nəticəsində baş vermiş zərərlərə görə ödənişlər həyata keçirilib.
Ağsu rayonunun Kəndoba kəndində fermer Bəhruz Nəbiyevin arpa əkini sahəsinə dolu yağması nəticəsində böyük zərər dəyib. Aqrar Sığorta Fondu tərəfindən hadisənin araşdırılması və zərərin hesablanması həyata keçirilib və fermerə üzləşdiyi zərərə görə, 24 041 manat sığorta ödənişi edilib.
Rayonun Abasxanlı kəndində isə dolu yağması nəticəsində fermer Rasim Məmmədovun buğda əkin sahəsinə zərər dəyib. Bu hadisə üzrə fermerə 2 297 manat sığorta ödənişi edilib.
Aqrar sığorta ödənişi İsmayıllı rayonunda da həyata keçirilib. Rayonun Qubaxəlilli kəndində fermer Nurəddin Əsədovun arpa əkini sahəsinə quşların hücumu nəticəsində zərər dəyib və əkinin bir hissəsi məhv olub. Hadisənin araşdırılması və zərərin hesablanmasından sonra fermerə 3 163 manat sığorta ödənişi edilib.
Fermerlər sığorta ödənişindən və ümumilikdə aqrar sığorta mexanizminin fəaliyyətindən olduqca razı qalıb və məmnunluqlarını bildiriblər.
Meyvə bağları, əkin sahələrini, iri və xırdabuynuzlu heyvanlarını sığortalamaq üçün Aqrar Sığorta Fondunun 1651 Çağrı Mərkəzinə və Fondun bölgələrdəki filiallarına müraciət etmək kifayətdir.
Məhsul şərtləri, təklif olunan sığorta zərfləri, təminat verilən risklər barədə ətraflı məlumatı www.asf.gov.az rəsmi vebsaytından almaq olar.
Fermerlər ödəyəcəkləri sığorta haqqını “Sığorta kalkulyatoru” vasitəsilə özləri də hesablaya bilərlər.