Ağsuda fevralın 7-də hesabat yığıncağı keçirilib, yığıncaqda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub. FED.az xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev 2017-də rayona 30,7 milyon manat özəl investisiya qoyulduğunu bildirib. Bunun 20 milyon manatı sənaye, 6,9 milyon manatı kənd təsərrüfatı və digər sahələrə yönəldilib. Özəl sərmayə hesabına regionun ən iri istehsal müəssisələrindən olan “Az-Qranata” MMC-nin nəzdində dəyəri 20 milyon manat olan yeni şərabsaxlama anbarları kompleksi, süzmə və emal sexi yaradılıb.
“Ağsu kənd təsərrüfatı” MMC-nin nəzdində 1,1 milyon manat dəyərində 3600 tonluq pambıq qəbulu məntəqəsi, “Ağsu Aqrotexservis” ASC-nin nəzdində dəyəri 1,5 milyon manat olan istixana kompleksi qurulub.
Ötən il Gəgəli kəndi ərazisində 1000 ton istehsal gücünə malik taxıl toxumçuluğu təsərrüfatı, 2000 tonluq anbar, 300 başlıq heyvandarlıq kompleksi, Ərəbsarvan kəndi ərazisində 450 hektarda dəyəri 800 min manat, illik istehsal gücü 60 ton ət, 600 ton süd, 2 ton yun olan 280 başlıq iribuynuzlu mal-qara, 2000 başlıq qoyunçuluq kompleksi istifadəyə verilib.
Hazırda Padar kəndi ərazisində “Padar aqro” MMC tərəfindən heyvandarlıq kompleksinin yaradılmasına başlanılıb. Buraya ilkin olaraq 300 baş keçi və 500 arı ailəsi gətirilib. Pirhəsənli kəndində istixana kompleksinin, Daşdəmirbəyli kəndi ərazisində 1,6 hektar sahədə dəyəri 700 min manat olan 600 tonluq taxıl anbarı kompleksinin və digər obyektlərin inşası davam etdirilir.
Yığıncanda deyilib ki, 2017-də əvvəlkindən 3,3 dəfə çox olmaqla, 5491 kiloqram barama istehsal edilib. Bu sahənin inkişafı üçün zəruri olan yem bazasının yaradılması üçün 48 min ədəd tut tingi əkilib.
Rayondan xaricə ixrac da sürətlə artır. “Az-Qranata” MMC-nin şirə və şərab emalı zavodu tərəfindən il ərzində dünyanın 18 ölkəsinə 2,8 milyon manat dəyərində alkoqolsuz içkilər ixrac olunub. “Qradus 40” MMC isə Türkiyə və Gürcüstana 266 min manatlıq alkoqollu içki ixrac edib. Şirkətdən FED.az-a bildirilib ki, Türkiyə və Gürcüstana araq göndərilib.
Keçən il rayonda 1290 ton pomidor və xiyar yetişdirilib. Bunun 1170 tonu müasir tipli istixanalarda istehsal olunub. Həmin məhsulların 400 tonu Rusiya bazarlarına çıxarılıb.
Ağsu arağını Türkiyədə, limonadını 18 ölkədə içirlər
22:09
8 Fev 2018