25-26 avqust tarixlərində Ağstafa rayonunda “Rusiya-Azərbaycan Tarla Günü 2023” kənd təsərrüfatı texnikası sərgisi keçiriləcək.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) FED.az-a verilən məlumata görə, Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyinin təşkilatçılığı və Rusiya İxtisaslaşmış Texnika və Avadanlıq İstehsalçıları Assosiasiyasının dəstəyi ilə Azərbaycanda ikinci dəfə keçirilən “Rusiya-Azərbaycan Tarla Günü” sərgisində Rusiyanın 14 aparıcı kənd təsərrüfatı müəssisəsi ən qabaqcıl kənd təsərrüfatı texnikası və avadanlıqları ilə 800 m2 ərazidə iştirak edəcəklər. Tədbir çərçivəsində Azərbaycan sahibkarlarına texnikaları sınaqdan keçirmək imkanı yaradılacaq.
Qeyd edək ki, builki “Rusiya-Azərbaycan Tarla Günü” yeni formatda - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə “Agroinnofest” festivalı ilə birlikdə keçiriləcək. Tədbir Ağstafa aqrar-sənaye kompleksinin ərazisində baş tutacaq.
“Rusiya-Azərbaycan Tarla Günü 2023” sərgisində iştirak etmək istəyən sahibkarlar AZPROMO-ya müraciət edə bilərlər.