Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti Aqrar Biznes Festivalı Ağdaş rayonunda təşkil edilib.
FED.az nazirliyə istinadən xəbər verir ki, Ağdaş Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında baş tutan festivalda Mərkəzi Aran iqtisadi rayonunda fəaliyyət göstərən fermerlər, dövlət qurumlarının nümayəndələri, aqrar sahə üzrə ixtisaslaşmış şirkətlər iştirak ediblər.
Tədbir iştirakçıları dövlətin aqrar sahədəki dəstək mexanizmləri, subsidiya və güzəştli kredit imkanları barədə məlumatlandırılıb, eyni zamanda müasir kənd təsərrüfatı texnologiyaları və innovativ həllərlə tanış olublar.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov bildirib edib ki, Aqrar Biznes Festivalları yeni texnologiya və məhsulların nümayişi ilə bərabər maarifləndirmə və təcrübə mübadiləsi platformasıdır: "Bu festivallarda fermerlər aqrar sahədə tətbiq edilən ən son innovasiyalarla tanış olmaqla yanaşı, məhsullarının bazara çıxarılması üçün də yeni imkanlar əldə edirlər.
Festivalda iştirak edən dövlət qurumları öz fəaliyyət istiqamətlərinə uyğun göstərdikləri xidmətləri, aqrar sahədə ixtisaslaşmış şirkətlər isə kənd təsərrüfatı təyinatlı texnika və avadanlıqlar, müasir suvarma sistemləri, toxum və ting çeşidləri, yeni nəsil gübrə və pestisidlər, iqlim dəyişikliyinə davamlı bitki sortları, eləcə də digər innovativ həlləri nümayiş etdiriblər.
Festival çərçivəsində fermerlərin maliyyə və sığorta xidmətlərinə çıxış imkanlarını genişləndirmək məqsədilə kredit yarmarkası təşkil edilib. Yarmarkada bank və bank olmayan kredit təşkilatları, sığorta qurumları güzəştli kreditlər, aqrar sektor üçün maliyyə dəstək mexanizmləri barədə məlumatlar təqdim edib.
Fermerlərin maarifləndirilməsi istiqamətində tədbir çərçivəsində “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel müzakirə keçirilib.
Müzakirələr zamanı aqrar sektorun inkişafına töhfə verən maliyyə alətləri, Mərkəzi Aran iqtisadi rayonunda aqrar sahənin maliyyələşdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.