Bu il “Ağcabədi taxıl Aqropark”ında digər məhsulalarla yanaşı 100 hektarda popkorn (qarğıdalı partlağı) əkilməsi nəzərdə tutulur.
Eləcə də bax: 1 hektar qarğıdalı sahəsini sığortalamaq neçəyədir? – HESABLAMA, REGİONLAR, MƏBLƏĞLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, fevralın 13-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Ağcabədi taxıl Aqropark”da yaradılan şəraitlə tanış olublar.
Aqroparkın ümumi sahəsi 3 min hektardır. Aqroparkın faktiki əkin sahəsi 1368 hektardır. Burada əsasən arpa, buğda, qarğıdalı, pambıq, günəbaxan və sair bitkilər becərilib. Aqroparkda, həmçinin 110 hektar sahədə intensiv badam bağı salınıb. Burada suvarma mənbəyi kimi Yuxarı Qarabağ kanalından istifadə olunur. Əkin sahələrinin suvarılmasında ən müasir sistemlərdən istifadə edilir.
Qeyd edək ki, ötən il aqroparkda ümumilikdə 3094 hektar sahədən 20 min 721 ton məhsul - 2240 ton buğda, 1932 ton arpa, 7685 ton dən üçün qarğıdalı, 416 ton birillik ot, 87 ton pambıq, 14 ton soya, 1705 ton qarışıq senaj və 6642 ton digər məhsullar götürülüb.
Ümumi dəyəri 35 milyon manat olan aqroparkın yaradılmasına 9,8 milyon manat məbləğində güzəştli kredit verilib. Burada 41-i daimi olmaqla 150 iş yeri yaradılıb.