Aqrar Sığorta Fondunun nümayəndələri Ağcabədi rayonunda pambıq əkini ilə məşğul olan fermerlərlə görüşlər keçirib.
Son üç ildə pambıq sahələri üzrə sığorta ödənişlərinin həcmi açıqlanıb
FED.az xəbər verir ki, görüşlərdə fermerlər və yerli icra qurumları aqrar sığorta mexanizmi haqqında məlumatlandırılıb, Aqrar Sığorta Fondunun (ASF) xidmət və məhsulları təqdim edilib. Xüsusilə pambıq bitkisinin sığorta şərtləri, pambığın sığortalandığı hallar, zərər baş verdikdə sığorta ödənişi prosesi barədə ətraflı məlumat verilib. Bildirilib ki, aqrar sığorta pambıq sahələrini çoxsaylı risklərdən, o cümlədən təbiət hadisələri, fırtına, qasırğa, dolu, sel-subasma, leysan yağışları, vəhşi heyvanların hücumu və 3-cü şəxslərin hərəkəti kimi hadisələrdən qoruyur.
Sığorta haqqının 50 faizini isə fermerlərə dəstək məqsədilə dövlət ödəyir. Nəticədə Ağcabədi rayonunda 40 sentner pambıq məhsulu gözlənilən 1 hektar sahənin sığortalanması fermerə cəmi 29 manata başa gəlir. Bu, pambıq sahəsindən yığılan məhsulun dəyərinin 1 faizindən də azdır.
Son illər ölkədə sığortalanan pambıq sahələrinə dəyən zərər üzrə ödənişlərin məbləğləri artmaqdadır. Belə ki, 2023-cü ildə ölkədə 14 min hektar pambıq sahəsi sığorta edilmişdisə, 2024-cü ildə bu rəqəm 29 min hektara yaxınlaşıb.
Ağcabədi rayonunda sığortalanan pambıq sahələri genişləndikcə, zərərlər nəticəsində aqrar sığorta ödənişləri də artmaqdadır. Belə ki, 2022-ci ildə Ağcabədi rayonunda pambıq sığortası üzrə 60 min manat sığorta ödənişi həyata keçirildiyi halda, 2023-2024-cü illərdə bu məbləğ 180-190 min manata yüksəlib. Nəticədə son 3 ildə Ağcabədi rayonu üzrə pambıq fermerlərinə edilən ödənişlər 430 min manata çatır.
Görüşlərdə fermerlər bir sıra mühüm məsələlər, o cümlədən pambıq sahələrinin sel-subasma və leysan riskindən sığortası, eləcə də pambığın sığorta tarifləri ilə bağlı suallar səsləndiriblər. Bütün suallar ətraflı cavablandırılıb, fermerlərə zəruri izahlar verilib. Qeyd edilib ki, pambıq və digər bitkilər üzrə əkin sahələrinin təbiət hadisələrindən qorunmasının yeganə üsulu onların aqrar sığorta mexanizmi vasitəsilə sığorta olunmasıdır. Fermerlər bu imkandan istifadə edərək, pambıq sahələrini sərfəli şərtlərlə sığorta edə bilərlər.